Aprelin 2-də Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında diplomatik münasibətlərin 34-cü ildönümü tamam oldu.
Yunanıstan Azərbaycanın müstəqilliyini 31 dekabr 1991-ci ildə tanıyıb. Üç ay sonra, 2 aprel 1992-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulması haqqında protokol imzalanıb. Bir il sonra, 27 may 1993-cü ildə Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlayıb.
Lakin diplomatik proseslərin kifayət qədər operativ cərəyan etməsinə rəğmən praktik müstəvidə ikitərəfli münasibətlərin hərəkətə gəlməsi bir xeyli ləngiyib. O cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişafı Azərbaycanın neftinin, daha sonra isə təbii qazının dünya və Avropa bazarına çıxarılması ilə başlanıb. Təsadüfi deyil ki, bu gün iki ölkənin ticarət dövriyyəsi (2023-cü ildə 1,4 milyard dollar olub) əsasən Azərbaycandan Yunanıstana ixracla bağlıdır.
Azərbaycan qazını Yunanıstana (Türkiyə vasitəsilə) çatdıran TransAdriatik boru xətti 2020-ci ildə istifadəyə verilib. Ötən müddətdə bu kəmərlə Azərbaycandan Yunanıstana 5,6 milyard kubmetr, o cümlədən ötən il 1,1 milyard kubmetr qaz ixrac olunub.
Bu barədə aprelin 3-də energetika naziri Pərviz Şahbazovun Yunanıstanın ölkəmizdəki səfiri Maria Papakonstantinou ilə görüşündə bildirilib.
Yüksək səviyyəli siyasi əlaqələrdə gəlincə, bu proses 2004-cü il xüsusilə əlamətdar olub. Həmin il Yunanıstan Prezidenti Konstantinos Stefanopulos Azərbaycana rəsmi səfər (iyun), Azərbaycan Prezidenti İlham Əliyev isə Yunanıstana işgüzar səfər (avqust, Afina Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak) edib. Ölkəmizin Afinadakı səfirliyi də həmin il (6 aprel 2004-cü il) fəaliyyətə başlayıb.
Bundan əlavə, 2009-cu ildə Prezident İlham Əliyevin Yunanıstana dövlət səfəri, 2014-cü ildə isə rəsmi səfəri olub. 2011-ci ildə Yunanıstan Prezidenti Karolos Papuliasın Azərbaycana rəsmi səfər edib.
Həmçinin Yunanıstanın Baş naziri Antonis Samaras 2013-cü və 2014-cü (Cənub Qaz Dəhlizinin təməlatma mərasimində iştirak etmək məqsədilə) illərdə ölkəmizə işgüzar səfər edib.
İki ölkə arasındakı müqavilə-hüquq bazasının (20-dən çox sənəd) mühüm hissəsini iqtisadi blok təşkil edir. İqtisadi sahədə əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyası fəaliyyət göstərir.
Bu yaxınlarda (3 mart) Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlərin 12-ci Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü Nazirlər Toplantısında Yunanıstan da təmsil (enerji və mineral ehtiyatlar üzrə baş katib xanım Despoina Paliarouta) olunub.
Təbii ki, siyasi əlaqələrin yüksək səviyyəsi və iqtisadi əməkdaşlığın son illərdəki intensivliyi humanitar sahədə də ikitərəfli münasibətlər üçün imkanlar açır. Amma bu potensialdan yetərincə istifadə edildiyini deyə bilmərik.
Halbuki hələ 1997-ci ildə Yunanıstan XİN başçısı Theodoros Panqalosun Bakıya rəsmi səfəri zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında təhsil, mədəniyyət və elm sahələrində əməkdaşlıq haqqında Saziş” bağlanmışdı. Həmin sazişdən irəli gələrək tərəflər arasında “2011-2013-cü illər üçün elm, təhsil və mədəni əməkdaşlığa dair Proqram” imzalanmışdı.
Sözügedən proqramda mədəni əməkdaşlığa mühüm yer ayrılmış, o cümlədən maddi (abidələrin qorunması və bərpası) və qeyri-maddi mədəni irs üzrə mütəxəssislərin təcrübə mübadiləsi, iki ölkənin muzeyləri arasında ikitərəfli münasibətlərin yaradılması və sərgilərin mübadiləsi, eləcə də incəsənət sahələrindən (musiqi, teatr, rəqs, kino və s). mütəxəssislərin təcrübə mübadiləsi üçün səfərlərin təşkili, kino, audiovizual istehsalları sahəsində əməkdaşlığı dəstəkləmək kimi çeşidli istiqamətlər qeyd olunmuşdu.
Proqramda həmçinin 2004-cü ildə Bakı Slavyan Universitetində “Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzi”nin yaradılmasından məmnunluq ifadə olunurdu. BSU-dakı mərkəz bu gün də fəaliyyət göstərir. 2022-ci ildə Azərbaycan Dillər Universitetində də bənzər mərkəz ("Yunan Araşdırma və Mədəniyyət Mərkəzi") açılıb. Bununla belə humanitar əməkdaşlıqda praktik addımların daha geniş institusional müstəvidə reallaşması arzuolunandır.
Ötən illərdə azərbaycanlı sənətçilər Yunanıstanda festival-müsabiqələrdə iştirak ediblər. Opera müğənnisi Dinara Əliyeva 2007-ci ildə Afinada Mariya Kallas adına beynəlxalq müsabiqədə 2-ci yeri (soprano səsi üzrə) tutub. Dirijor Əyyub Quliyev 2008-ci ildə Afina şəhərində beynəlxalq simfonik musiqi festivalında ilk dəfə ölkəmizi təmsil edib.
2014-cü il sentyabrın 27-28-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan mədəniyyəti günləri keçirilib.
2022-ci ildə “Azərbaycan: mədəniyyət və əyləncənin qovuşduğu yer” adlı qısa film Yunanıstanda 13-cü Amorqos Beynəlxalq Turizm Filmləri Festivalında müvafiq nominasiya üzrə 1-ci yerə layiq görülüb.
Eləcə də Yunanıstan sənətçilərinin Azərbaycana səfərləri olub: 2022-ci ildə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalında pianoçu Qriqorius İoannu, 2023-cü ildə “Muğam aləmi” festivalında "En Chordais" musiqi ansamblı çıxış edib. 2025-ci ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konsertində Azərbaycan və Yunanıstan sənətçiləri səhnəni bölüşüblər.
Azərbaycanın Afinadakı və Yunanıstanın Bakıdakı səfirlikləri tərəfindən iki ölkənin qarışlıqlı şəkildə mədəniyyət tədbirlərində, sərgilərdə və s. təmsilçiliyi həyata keçirilir. 2022-ci ildə Yunanıstan səfirliyi ilə Beynəlxalq Muğam Mərkəzi arasında memorandum imzalanıb.
Bununla belə, iki ölkənin zəngin mədəniyyət irsi, incəsənət potensialı nəzərə alınarsa, aidiyyəti nazirliklər vasitəsilə mədəni dialoqu daha da gücləndirmək olar.
Yeri gəlmişkən, Azərbaycan Mədəniyyət Nazirliyində Yunanıstan səfiri ilə axırıncı dəfə 2021-ci ildə görüş keçirilib. Görüşdə mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün imkanların olduğu vurğulanmışdı....
Vüqar Orxan



















