Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ), Azərbaycanda Fransız İnstitutu və Fransanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən beynəlxalq “Şərq-Qərb Kino Lab” tammetrajlı bədii film layihələrinin inkişaf proqramına seçilən iştirakçılar müəyyən olunub.
Bu barədə AKİ məlumat yayıb.
“Şərq-Qərb Kino Lab” proqramına “Tanrının otağı” (rejissor Qulu Əsgərov, prodüser Nicat Dadaşov), “Beşinci mərtəbədən şəhər mənzərəsi” (rejissor Ələmdar Faiq, prodüser Nicat Dadaşov, “Dəniz səviyyəsindən 28 metr aşağıda” (rejissor və prodüser Mirbağır İsmayılov), “Kamança” (rejissor Orxan Babayev, prodüser Ramail Həsənzadə), “Toy” (rejissor Nurcahan Azayeva, prodüser Seyran Bədəlov) və “Qonşu evin işıqları” (rejissor və prodüser Səməd Ağayev) film layihələri seçilib.
Təlimlər 8-14 aprel tarixlərində Azərbaycan Kinematoqrafçılar İttifaqında keçiriləcək.
Proqramın mentorları azərbaycanlı rejissor və ssenarist Orxan Ağazadə və Fransanın KIDAM şirkətinin prodüseri, maliyyə və idarəetmə direktoru Jül Qranjedir.
Layihənin əsas məqsədi beynəlxalq platformalarda rəqabətin yüksək olduğu mühitdə azərbaycanlı kinematoqrafçıların iştirak və seçilmə potensialını artırmaq, onların layihələrinin inkişafına və beynəlxalq bazara çıxışına dəstək verməkdir.
***
Əlavə olaraq qeyd edək ki, layihənin tərəfdaşı olan Azərbaycanda Fransız İnstitutu (L’Institut Français d’Azerbaïdjan – İFA) Fransanın xaricdə fəaliyyət göstərən mədəniyyət şəbəkələrinə aiddir. Fransanın Azərbaycandakı Səfirliyinin birbaşa nəzarəti altında fəaliyyət göstərən Azərbaycanda Fransız İnstitutu (İFA) 2011-ci ildə buradakı Jorj Sand adına Mədəniyyət Mərkəzini əvəz edib. İFA Azərbaycan ilə Fransa arasında mədəniyyət və bilik mübadiləsi üzrə vacib platformadır.



















