Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Kitabxanadan verilən məlumata görə, direktor Aslan Cəfərov tədbiri açaraq Aprel döyüşlərinin tarixi əhəmiyyəti haqqında danışıb. Qeyd edib ki, 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalqımızın birliyini və vətənpərvərlik ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər nəticəsində əldə olunan uğur sonrakı böyük Zəfərin – torpaqlarımızın azad olunmasının başlanğıcı oldu.
Vurğulanıb ki, Aprel döyüşləri yalnız hərbi uğur deyil, həm də milli qürur və mənəvi üstünlük idi. Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı hər bir gənc üçün örnəkdir və bu ruh gələcək nəsillərə ötürülməlidir.
Tədbir çərçivəsində “Vətən naminə” adlı virtual kitab sərgisi təqdim edilib. Sərgidə Aprel döyüşlərinə dair zəngin materiallar təqdim olunub. Burada bir sıra rəsmi sənədlərin tam mətnləri, “İlham Əliyev Cocuq Mərcanlıya həyatı qaytardı”, “Qələbənin şahidləri”, “Şahidlər və şəhidlər”, “Qaliblərin qələbəsi”, “Hay ver mənə, cənab leytenant”, “Hərbi vətənpərvərlik təbliğində Aprel döyüşlərinin rolu” və s. kitabların tam mətni yer alıb.
Sərgidə “Aprel döyüşləri – tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”, “Aprel döyüşləri – zəfərə gedən şanlı yol”, “Aprel döyüşləri – zəfər salnaməmiz”, “Tarixi qələbəmiz” kimi dövrü mətbuat nümunələri də nümayiş etdirilib.
Tədbirdə çıxış edən BDU-nun tələbələri Aprel döyüşlərinin əhəmiyyəti, Azərbaycan əsgərinin qəhrəmanlığı və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, bu cür tədbirlər gənclərin tariximizi daha dərindən öyrənməsinə və milli ruhda formalaşmasına töhfədir.





















