Azərbaycan Milli İncəsənət Muzeyi uşaqları “Süzəninin yaranışı: bir tikmə ustasının hekayəsi” adlı sərgi çərçivəsində maarifləndirici proqrama qatılmağa dəvət edir.
Muzeydən bildirilib ki, proqram iştirakçıları “Bir tikmə ustasının hekayəsi” mövzusunda mühazirədə Özbəkistanın zəngin dekorativ-tətbiqi sənət nümunələrindən olan süzəninin yaranma tarixi, ornamentlərin mənası və bu sənətin incəlikləri ilə yaxından tanış ola biləcəklər.
Həmçinin bu unikal sənət növü ilə bağlı tematik ekskursiya təşkil olunacaq.
Ustad dərsləri zamanı isə iştirakçılar ənənəvi naxışlardan ilhamlanaraq fərdi kompozisiyalar hazırlayacaqlar.
Bu təcrübə onlara həm fərqli mədəni irsi daha yaxından tanımaq, həm də yaradıcılığa olan maraqlarını inkişaf etdirmək imkanı verəcək.
Maarifləndirici proqramda iştirak etmək üçün öncədən (012) 492 07 07 və (051) 580 85 21 telefon nömrələri ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmək xahiş olunur.



















