Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli aktyor, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 78-ci ilində vəfat edib.
Sənətkar İstanbulda müalicə aldığı “Memorial” klinikasında dünyasını dəyişib. Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan bildirilib ki, Rasim Balayevin cənazəsi gün ərzində vətənə yola salınacaq.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Kinoda aktyor kimi debütünü 1971-ci ildə "Ulduzlar sönmür" filmində edib. "Nəsimi", "Babək", "Dədə Qorqud", "Qanlı zəmi", "Cavid ömrü" və s. milli kinonun “qızıl fond”una daxil olan onlarla ekran əsərində yaratdığı obrazlarla geniş tamaşaçı rəğbəti qazanıb. Görkəmli aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.
Rasim Balayev 1990-cı ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuş, 2022-ci ildə AKİ-nin sədri seçilmişdi.
Sənətkarın Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, 1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə “Xalq artisti” fəxri adlarına, 1986-cı ildə "Atları yəhərləyin" bədii filminin yaradıcı heyəti tərkibində respublika Dövlət mükafatına layiq görülüb. 1998-ci ildə “Şöhrət”, 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.






















