Beynəlxalq Muğam Mərkəzində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin növbəti konsert proqramı təqdim edilib.

Konsert dirijor, Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçib.

Proqram Azərbaycanın bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlanıb.

Musiqi gecəsi “Bahar olsun”, “Bayram süitası”, “İlk bahar”, “Çıx yaşıl düzə”, “Bayram axşamlarında”, "Töhvə", "Uzundərə" kimi Azərbaycan bəstəkarlarının bahar təravətli, vətənpərvərlik və sevgi ruhlu əsərləri ilə davam edib.

Konsertdə müğənnilər Zümrüd Məmmədova, Bəxtiyar Quliyev, Mədinə Səlimova və Riyad Eyvazov çıxış ediblər. Eyni zamanda, tarzən Kamal Nuriyev, kamança ifaçısı Anar Yusub və balaban ifaçısı Şaiq Əsədov solist qismində səhnədə yer alıblar.