Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda könüllülük proqramı iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.
Bu barədə nstitutdan məlumat verilib.
Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev mərasimdə çıxış edərək vurğulayıb ki, həyata keçirilən könüllülük proqramı gənclərin Azərbaycan tarixinə və elmə marağının artırılmasına, elmi biliklərinin zənginləşdirilməsinə və peşə yönümü seçiminə xidmət edir. O, proqramın gənclərin sosiallaşmasına, kollektiv fəaliyyət bacarıqlarının inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Proqramın “qış fəsli” üzrə iştirakçılarına – Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Dövlət Pedaqoji Kollecini təmsil edən gənclərə sertifikat, təşəkkürnamə və diplomlar təqdim edilib.
Azərbaycan Universitetinin II kurs magistratura tələbəsi Fidan Vahidova proqramın könüllülərə qazandırdığı bilik və təcrübənin əhəmiyyətindən danışıb, təşkilatçılara və dəstək göstərən qurumlara minnətdarlığını bildirib. Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin elmi fəaliyyətə marağının artırılması, onların gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsi və milli-mədəni irsin təbliği baxımından əhəmiyyət kəsb edir.





















