Tarixdəki olaylar

 

15 mart 1991 –  Türkiyə Cümhuriyyətinin Prezidenti Turqut Özal SSRİ-yə rəsmi səfəri çərçivəsində Bakıya gəlib. Bu, Türkiyə dövlət başçısının Azərbaycana ilk səfəri idi.

 

15 mart 1995 – Bakıda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qiyamı baş verib. Qiyamçılara XTPD-nin rəhbəri, daxili işlər nazirinin müavini Rövşən Cavadov başçılıq edirdi. Prezident Heydər Əliyev məsələni dinc yolla sahmanlamaq üçün bir sıra addımlar atdı, amma nəticə hasil olmadı. Martın 17-də qiyam zəruri güc tətbiq edilməsi ilə yatırıldı.

 

15 mart 1997 – Milli Məclis Rusiyanın Ermənistana gizli silah satması ilə bağlı bu ölkənin rəhbərliyinə etiraz bəyanatı göndərib. Rusiyanın 1994-1997-ci illərdə Ermənistana 1 milyard dollar dəyərində silah satması barədə faktlar Rusiya Dövlət Dumasının deputatı Lev Roxlin tərəfindən açıqlanmışdı.

 

15 mart 2003 – Azərbaycan Mətbuat Şurası yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatı təmsilçilərinin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti (sədr Əflatun Amaşov) seçilib. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

15 mart 1830 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1910) laureatı Paul Heyze (Paul Johann Ludwig von Heyse; 1830 – 2.4.1914) anadan olub.

 

15 mart 1878 – Maarif xadimi, şair Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə (1878 – 24.12.1939) Naxçıvanda anadan olub. Hüseyn Cavidin böyük qardaşıdır. Firdovsinin “Şahnamə”sindən parçaları dilimizə çevirib.

 

15 mart 1893 – Azərbaycan saz-söz sənətinin tanınmış nümayəndəsi, Əməkdar incəsənət xadimi, aşıq Şəmşir (Şəmşir Qurban oğlu Qocayev; 1893 – 10.2.1980) Kəlbəcər rayonunun Dəmirçidam kəndində anadan olub.

 

15 mart 1897 – Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli (1897 – 5.12.1988) Şamaxıda anadan olub. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyoru olub. Bakı Türk İşçi Teatrında da tamaşalarda oynayıb. “Bəxtiyar”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

15 mart 1899 – Xalq artisti Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı (Heydərzadə; 1899 – 12.4.1969) Bakının Fatmayı kəndində doğulub. 1920-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb, Musiqili Komediya Teatrında tamaşalarda oynayıb. “Görüş” filmində (1955) çəkilib.

 

15 mart 1911 – Əməkdar artist Əlihüseyn Əbdülrəhim oğlu Qafarlı (1911 – 5.10.1961) Bakıda doğulub. Gəncə Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb.

 

15 mart 1911 – Xalq artisti Əyyub Məmmədəli oğlu Haqverdiyev (1911 – 12.6.1996) Naxçıvanda doğulub. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

15 mart 1914 – Xalq artisti Məmməd Allahverdi oğlu Quliyev (1914 – 11.9.2001) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

15 mart 1919 – Xalq artisti, məşhur xanəndə Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919 – 24.10.1993) Bakıda anadan olub. Muğamatdan dərs deyib, xanəndələr yetişdirib. Çoxsaylı təsniflərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

 

15 mart 1923 – Əməkdar incəsənət xadimi, rəssam Nəcəfqulu Əbdülrəhim oğlu İsmayılov (1923–1990) anadan olub. Qrafika ustası kimi tanınıb, görkəmli şəxsiyyətlərin portretlərini, kitablara illüstrasiyalar çəkib.

 

15 mart 1923 – Xalq artisti, aktyor Əkbər Hacı oğlu Qardaşbəyov (1923 – 26.3.2001) Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

 

15 mart 1932 – Əməkdar rəssam, dekorativ-tətbiqi sənət ustası Sima Abbas qızı Ağayeva (1932 – 17.8.2020) anadan olub.

 

15 mart 1941 – Şair, tərcüməçi, publisist İsa Mustafa oğlu İsmayılzadə (1941 – 14.7.1997) Gürcüstanın Qarayazı (indiki Qardabani) rayonunda anadan olub.

 

15 mart 1941 – Şair, yazıçı, tərcüməçi Ələkbər Salahzadə (Ələkbər Baba oğlu Məmmədsalahlı; 1941 – 1.9.2013) Quba rayonunun Cimi kəndində anadan olub.

 

15 mart 1949 – Xalq artisti, vokal ifaçısı Eldar Balağa oğlu Axundov (1949 – 17.9.2014) Lənkəranda doğulub. Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin solisti olub.

 

15 mart 1954 – Əməkdar mədəniyyət işçisi, aşıq Abbas Musaxan oğlu Güləliyev (1954 – 13.9.2023) Şamaxı rayonunun Şıxzərli kəndində (hazırda Qobustan rayonunun ərazisi) anadan olub.

 

15 mart 1954 – Əməkdar artist, müğənni Cavanşir İrşad oğlu Məmmədov (1954 – 20.4.2024) anadan olub.

 

15 mart 1956 – Yazıçı-jurnalist, teatrşünas Ağaddin Abdulla oğlu Babayev (15.3.1956 –2025) Lənkəran rayonunun Şağlaser kəndində doğulub.

 

Hazırladı: Vüqar Orxan