Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Səməd Vurğun və folklor: milli kimlik və ana dili” mövzusunda elmi sessiya keçirilib. Tədbir Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr edilib.
Əvvəlcə Səməd Vurğunun öz dilindən səsləndirdiyi şeirlər videoçarx formasında iştirakçılara nümayiş etdirilib.
İnstitutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev giriş sözündə Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının dahi şairin zəngin poetik irsinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətini qeyd edib.
Hikmət Quliyev diqqətə çatdırıb ki, şairin poetik irsi milli-mədəni yaddaşın bədii ifadəsi kimi formalaşmış, xalqın mənəvi dünyasını, estetik zövqünü və dünyagörüşünü əks etdirən zəngin folklor qaynaqlarında qidalanıb. Səməd Vurğunun poeziyasında xalq yaradıcılığına xas motivlər, obrazlar sistemi və poetik ifadə vasitələri yeni bədii məna qazanaraq milli ədəbiyyatın inkişafında mühüm rol oynayıb. Bu baxımdan şairin yaradıcılığı həm milli kimliyin, həm də ana dilinin bədii-estetik potensialının ifadə olunduğu mühüm ədəbi hadisə kimi dəyərləndirilir.
Filologiya elmləri doktoru dosent Leyla Məmmədova “Aşıq yaradıcılığı və Səməd Vurğun poeziyasında gözəllik idealının bədii-estetik təcəssümü” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, Aşıq Ələsgər kimi Səməd Vurğun da gözəlliyi tərənnüm edən şairlərdəndir və onun lirik irsində gözəllik idealının ifadəsi məhz aşıq poeziyasından qaynaqlanan estetik ənənələrlə sıx bağlı şəkildə təzahür edir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Ceyran” şeirinə Qazax aşıq mühitində yazılmış nəzirələr: ənənə və poetik xüsusiyyətlər” mövzusunda məruzəsini təqdim edib. Məruzədə Səməd Vurğunun “Ceyran” şeirinin xalq mühitində yaşama formaları və aşıqlar tərəfindən ona yazılmış nəzirələrin poetik xüsusiyyətləri elmi şəkildə təhlil olunub.
“Səməd Vurğun yaradıcılığında milli məfkurə və türklük” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə görkəmli Azərbaycan şairi Səməd Vurğunun yaradıcılığında milli ideya və türklük düşüncəsinin poetik ifadə imkanlarını təhlil edib.
Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Səməd Vurğun yaradıcılığında folklor ənənələri və milli ruh” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Səməd Vurğunun əsərlərində dastan motivləri, aşıq poeziyası, bayatı üslubu, xalq dili və mifoloji-təbiət obrazları kimi folklor elementlərindən geniş şəkildə istifadə olunub. “Vaqif”, “Komsomol poeması”, “Muğan”, “Azərbaycan” və “Aygün” əsərlərində xalqın qəhrəmanlıq idealları, milli yaddaşı və təbiət təsvirləri poetik şəkildə təqdim edilir, bu da şairin milli ruhu yaradıcılığının əsas mövzularından birinə çevirdiyini göstərir.
Elmi sessiyanın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.






















