Martın 10-da Azərbaycan Milli Xalça Muzeyində “Alaca” toxuculuq kollektivinin VI sərgisinin açılış mərasimi keçirilib.

Sərgi Azərbaycan Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi, Türkiyənin Memar Sinan İncəsənət Universiteti (İstanbul), İstanbul Xalça İxracatçıları Birliyi (İHİB), Yunus Emre İnstitutu və “Alaca” toxuculuq kollektivinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova, mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Yunus Emre İnstitutunun Bakıdakı koordinatoru Gökhan Seyhan, “Alaca” toxuculuq kollektivinin təsisçisi, Memar Sinan İncəsənət Universitetində ənənəvi türk sənəti ixtisası müəllimi Esen Baydemir çıxış ediblər.

Çıxışlarda Azərbaycan və Türkiyə arasında mədəni əməkdaşlığın əhəmiyyətini vurğulanıb, toxuculuq sənətinin ortaq irs kimi qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd edilib. Belə layihələrin ənənəvi sənətlərin müasir incəsənət mühitində yeni ifadə imkanları qazanmasına töhfə verdiyi vurğulanıb.

Tədbirin bədii hissəsində “Səma” rəqs ansamblı Azərbaycan və Türkiyə milli rəqslərini ifa edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

“Alaca” sərgisi toxuculuq sənətini yalnız maddi mədəni irs nümunəsi kimi deyil, eyni zamanda vizual düşüncə və kollektiv yaddaş forması kimi təqdim edir. Sərgidə 23 rəssamın müxtəlif mövzu və texnikalarda yaratdığı 38 əsər nümayiş olunur. Bu əsərləri birləşdirən əsas ideya toxuculuğun yaddaş daşıyıcısı kimi dərk edilməsidir. Müəlliflərin Azərbaycan mədəni irsinə, xüsusilə milli ornamentlərinə və zəngin rəng koloritinə müraciəti yeni vizual ifadə formalarının yaranmasına zəmin yaradıb. Bu yanaşma sərgini yalnız estetik təqdimat deyil, həm də müxtəlif coğrafiyaları və mədəni mühitləri birləşdirən ortaq toxuculuq irsi üzərindən qurulan ünsiyyət platformasına çevirir.

“Alaca” layihəsi toxuculuğa statik irs nümunəsi kimi yanaşmadan uzaqlaşaraq onu yaşayan, daim yenilənən və fərqli mədəniyyətləri bir araya gətirən dinamik bədii dil kimi dərk etməyə çağırır.

Sərginin Azərbaycan Milli Xalça Muzeyində təqdim olunması məkanın tarixi-mədəni kontekstini layihənin ideyası ilə üzvi şəkildə əlaqələndirir. Bu layihədə muzey yalnız ekspozisiya sahəsi kimi deyil, ənənə ilə müasirlik arasında dialoqun fəal iştirakçısı kimi çıxış edir.

“Alaca” toxuculuq kollektivi 2022-ci ildə ənənəvi toxuculuq sənətini müasir bədii axtarışlarla sintez edərək onu yeni baxış bucağından təqdim etmək məqsədilə təsis olunub. “Alaca” anlayışı müxtəlif rənglərin öz fərdiliyini qoruyaraq vahid kompozisiyada harmonik bütövlük yaratmasını ifadə edir.

Sərgi martın 15-dək davam edəcək.