Tarixdəki olaylar

 

11 mart 1992 – Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında diplomatik münasibətlər qurulub.

 

11 mart 1999 – Avropa Parlamenti “Qafqazda sülh prosesinə dəstək” adlı qətnamə qəbul edib. Sənəddə ATƏT-in Minsk Qrupunun Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1998-ci ilin noyabrında tərəflərə təqdim etdiyi və Azərbaycanın rədd etdiyi “Ümumi dövlət” planına dəstək ifadə olunub. Plan Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına hüquqi don geyindirir və qondarma rejimi legitimləşdirmək məqsədi güdürdü. Milli Məclis qətnamə ilə bağlı Avropa Parlamentinə etirazını bildirib.

 

11 mart 2005 – Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq uzun müddət ölkədə adam oğurluğu və digər ağır cinayətlər törətmiş kriminal dəstənin ifşa olunması barədə məlumat yayıb. MTN-in martın 10-da həyata keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində cinayətkar dəstənin başçısı, DİN-in Cinayət-Axtarış Baş İdarəsinin baş əməliyyat müvəkkili, polkovnik-leytenant Hacı Məmmədov və dəstənin üzvləri həbs olunub. “Qara kəmər” əməliyyatı uzun müddət bağlı qalmış bir sıra ağır cinayətlərin açılmasına kömək etdi. 

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

11 mart 1544 – İtalyan şairi Torkvato Tasso (Torquato Tasso; 1544 – 25.4.1595) anadan olub.

 

11 mart 1818 – Fransızəsilli rus baletmeysteri, tanınmış pedaqoq Marius İvanoviç Petipa (1818 – 10.7.1910) anadan olub.

 

11 mart 1925 – Xalq artisti Bəşir Səfəroğlu (Bəşir Səfər oğlu Səfərov; 1925 – 24.3.1969) Bakıda anadan olub. Musiqili Komediya Teatrında tamaşaçı rəğbəti qazanan obrazlar yaradıb. “Əhməd haradadır?”, “Ulduz” və s. filmlərdə çəkilib.

 

10 mart 1942 – Tanınmış aktrisa Lütfiyyə Şamil qızı Səfərova (1942–2010) Bakıda doğulub. 1963-cü ildən Musiqili Komediya Teatrında çalışıb. 

 

10 mart 1943 – Əməkdar rəssam Adil Əliağa oğlu Rüstəmov (1943 – 22.3.2018) Bakıda anadan olub. Qrafika əsərləri, xüsusilə qəzəlxan Əliağa Vahidə həsr olunmuş işləri ilə tanınıb. Rəssamlıq Akademiyasında dərs deyib. Ömrünün son illərində Fransada yaşayıb.

 

11 mart 2022 – Xalq yazıçısı, dramaturq, Dövlət mükafatları laureatı Rüstəm Məmməd İbrahim oğlu İbrahimbəyov (5.2.1939 – 2022) vəfat edib. 30-dan çox filmin (“Ad günü”, “İstintaq”, “Özgə ömür”, “Ölsəm... bağışla” və s.) ssenari müəllifidir. Pyesləri teatrlarda tamaşaya qoyulub.

 

 Hazırladı: Vüqar Orxan