Balakən Rayon Mədəniyyət Mərkəzində (Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram proqramı təşkil edilib. Tədbirin xüsusi qonaqları sırasında şəhid anaları və xanımları olub.

Rayon icra başçısı Natiq Ağayev təbrik çıxışında ölkəmizdə dövlət qadın siyasətindən, bu siyasətin əsasını qoyan Ulu öndər Heydər Əliyevin qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmasından, onun siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsindən bəhs edib. Birinci vitse-prezident Mehriban Əliyevanın öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəltdiyi vurğulanıb.

Şəhid anası Gülşən Kərimova və şəhid atası Şəmsəddin Tuhumov çıxış edərək qadınların cəmiyyət həyatında, milli-mənəvi dəyərlərin qorunmasında və sağlam ailə institutunun formalaşmasında mühüm rol oynadıqlarını qeyd ediblər. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.

Tədbir Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam etdirilib.