Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Rəşid Bebudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin müəllimi, bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konsertini təqdim edib.

Baş İdarədən verilən məlumata görə, Beynəlxalq Muğam Mərkəzində keçirilən musiqi axşamında mədəniyyət işçiləri, musiqi və incəsənət məktəblərinin direktorları, digər qonaqlar iştirak ediblər.

Konsert Xəzər Universitetinin kamera orkestrinin müşayiəti ilə gerçəkləşib. Orkestrin bədii rəhbəri Əməkdar müəllim Zülfiyyə Sadıxova, dirijoru Hüseyn Kərimovdur.

Proqramda bəstəkarın əsərləri bir-birindən maraqlı ifalarla təqdim olunub.

Əməkdar artistlər Fəridə Məmmədova və İlham Nəzərovun ifasında “İkimizdən birimiz” duet romansı, Səxavət Məmmədovun ifasında tar və orkestr üçün “Fantaziya”, Rağyar Səfərovun ifa etdiyi klarnet və orkestr üçün “Hədəfə doğru” əsərləri tamaşaçılarda xüsusilə xoş təəssürat yaradıb.