Fevralın 24-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş “Xocalının kəsilməyən harayı” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə muzeydən məlumat verilib. 

Muzeyin direktoru akademik Rafael Hüseynov 1992-ci ilin fevralında erməni silahlı dəstələrinin Xocalıda törətdiyi soyqırımının dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb, bu faciənin insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. Qeyd edib ki, Xocalı soyqırımı qurbanı olan 613 nəfər azərbaycanlı olduqları, doğma torpağında, Xocalıda, Qarabağda yaşadıqları üçün öldürülüblər.

Muzeyin direktoru bildirib ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1994-cü il fevralın 24-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis bu barədə qərar qəbul edib.

Akademik çıxışında Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb. O, həmçinin Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Qarabağın digər bölgələri kimi Xocalı da işğaldan azad edildi, şəhidlərimizin və Xocalı qurbanlarının qanı yerdə qalmadı.

Elmi sessiyada “Poeziyada Xocalı reallığının əksi”, “Qarabağ uğrunda müharibənin gerçəkləri Əlisəfa Azayev nəsrində” mövzularında məruzələr dinlənilib.