F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Məlumat-biblioqrafiya və Elmi-metodika şöbələri tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə hazırlanmış elektron resurslar virtual oxucuların istifadəsinə verilib.

Kitabxanadan bildirilib ki, “Bəşər tarixinin dəhşətli faciəsi – Xocalı soyqırımı” adlı metodik vəsaitdə Xocalı hadisələrinin tarixi mahiyyəti, başvermə səbəbləri və nəticələri sistemli şəkildə təqdim olunur, mövzu üzrə elmi və bədii ədəbiyyat siyahısı oxuculara istiqamətləndirici mənbə kimi təqdim edilir. Metodik vəsait geniş oxucu auditoriyası, xüsusilə müəllimlər, şagirdlər, tələbələr və tədqiqatçılar üçün nəzərdə tutulub.

Elektron resurslarda görkəmli şəxsiyyətlərin Xocalı faciəsi ilə bağlı fikirləri də toplanaraq təqdim edilib. Verilən sitatlar və çıxarışlar hadisələrin beynəlxalq hüquq normaları və ümumbəşəri humanist dəyərlər baxımından qiymətləndirilməsinə imkan yaradır.

“Xocalı – qaranlığa qərq olan şəhər” adlı veblioqrafiyada mövzuya dair 23 adda kitabın tam mətni, 132 adda dövri mətbuat materialı və müxtəlif mənbələrdən seçilmiş analitik yazılar sistemləşdirilib. Elektron mənbə istifadəçilər üçün rahat axtarış və istinad imkanı yaradan struktura malikdir.

Layihənin əsas məqsədi Xocalı soyqırımı ilə bağlı tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılması, gənc nəslin milli yaddaşının möhkəmləndirilməsi, eləcə də elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan mütəxəssislər üçün etibarlı və dolğun informasiya bazasının formalaşdırılmasıdır.

Elektron resurslarla kitabxananın saytında müvafiq keçidlər vasitəsilə tanış olmaq mümkündür.

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/melumat-biblioqrafiya/veblioqrafiya/xocali-qaranliga-q-rq-olan-s-h-r

https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2026/b-s-r-tarixinin-d-hs-tli-faci-si-xocali-soyqirimi