Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə fevralın 24-də Nizami Kino Mərkəzində “Xocalı. Üç faciə – bir ağrı” sənədli filminin təqdimatı keçirilib.
Filmin ideya və ssenari müəllifi Gülzar Mustafayeva bildirib ki, ekran əsərinin ideyası uzun müddət ərzində formalaşıb və tədricən tam bir layihəyə çevrilib. Filmin əsas məqsədi müharibələrin və faciələrin ən ağır yükünü daşıyan anaların, qadınların yaşadığı dərin və sağalmayan ağrını göstərməkdir. “Belə bir qənaətə gəlmişdim ki, hər bir müharibənin, hər bir faciənin ən ağır yükü anaların üzərinə düşür. İstər cəbhədə, istərsə də arxa cəbhədə – hər bir ölümün arxasında bir ana dayanır. O ana ki, övladını dünyaya gətirir və sonra həmin sağalmayan yaranın ağrısı ilə bir ömür boyu yaşayır”, – deyə o əlavə edib.
Ssenari müəllifinin sözlərinə görə, üç ölkədə lentə alınan film üç xalqı birləşdirən ortaq ağrını nümayiş etdirir. İkinci Dünya müharibəsi, keçmiş Yuqoslaviya müharibəsi və 1992-ci ildə baş vermiş Xocalı faciəsi – zaman və məkan fərqli olsa da, hər birində insanlıq eyni vəhşiliklə üz-üzə qalıb. Hər bir faciədə ən ağır zərbə dinc insanlara, xüsusilə də analara dəyib.
Quruluşçu rejissor Məzahir Həşimov çıxşında diqqətə çatdırıb ki, ekran əsərinin fərqi üç faciənin vahid kontekstdə təqdim olunmasıdır. Onun sözlərinə görə, aparılan paralellərin əsas məqsədi tarixi hadisələrin miqyasını müqayisəli şəkildə göstərməkdir.
“Xocalı. Üç faciə – bir ağrı” adlı ekran əsəri XX əsrin üç faciəsinə – 26 fevral 1992-ci ildə erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımına, 10 iyun 1942-ci ildə alman faşistləri tərəfindən Çexiyanın Liditse kəndinin sakinlərinin məhv edilməsinə və 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində serb silahlı dəstələrinin törətdiyi qətliama həsr olunub.
Filmdə bu hadisələr arasında paralellər aparılaraq İkinci Dünya müharibəsi dövrünün faşizmi ilə müasir dövrün faşizmi arasındakı oxşarlıqlara diqqət çəkiılir.
Çəkiliş qrupu Çexiyada Liditse, Bosniya və Herseqovinada Srebrenitsa memoriallarını ziyarət edib, tarixçilərlə, Srebrenitsa və Xocalı faciələrinin şahidləri ilə görüşlər keçiriblər.
Filmin operatorları Vüsal Ələkbərov və Samir Nuralıyev, prodüseri Qiyas Abasov, layihə rəhbəri Vüqar Xəlilovdur.
Çəkiliş qrupu filmin hazırlanmasında göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, ölkəmizin Çex Respublikasındakı və Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliklərinə, Liditse Memorialının rəhbərliyinə, Praqa Hərbi Tarix İnstitutuna, Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbərliyinə, Azərbaycan Milli Kitabxanasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqına, Audiovizual Şuraya təşəkkürünü bildirir.
























