Respublika Uşaq Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş anım tədbirləri təşkil edilib. 25,27 fevral tarixlərində keçirilən tədbirlərdə paytaxtdakı “İdrak” liseyinin, 335 nömrəli tam orta məktəbin 2 və 3-cü sinif şagirdləri iştirak ediblər. Onlarla görüşə uşaq yazarı Mehriban Nağıyeva da qatılıb.
Kitabxanadan verilən məlumata görə, tədbirin əsas məqsədi uşaqlara tariximizi onların yaş xüsusiyyətlərinə uyğun, həssas və diqqətli formada çatdırmaq, eyni zamanda mərhəmət, birlik və vətən sevgisi kimi dəyərləri aşılamaq olub.
Mehriban Nağıyeva şagirdlərlə Xocalı hadisələri haqqında danışıb. Bildirib ki, bu tarix xalqımız üçün kədərli olsa da, eyni zamanda birlik, həmrəylik və sülh arzularımızı daha da gücləndirən bir gündür. Mövzu təqdim edilərkən uşaqların psixoloji həssaslığı nəzərə alınıb, ağır detallara yer verilmədən əsas diqqət milli yaddaş və insanlıq dəyərlərinə yönəldilib.
335 nömrəli məktəbin şagirdləri Vətən uğrunda canından keçmiş qəhrəmanlar — Ələsgər Cavadov, Nurlan Həsənov və Nicat Musayev haqqında qısa və duyğulu məlumatlar təqdim ediblər. Çıxışlarda qəhrəmanlıq, vətənə sevgi və fədakarlıq anlayışları uşaqların anlayacağı dildə izah olunub.
Tədbirin bədii hissəsində şagirdlər Xocalı və vətən sevgisinə həsr olunmuş şeirlər söyləyiblər. “Zəfər nəğməsi” və “Xarıbülbül” mahnıları ifa olunub. Musiqi nömrələri tədbirə həm duyğusal, həm də ümid dolu ab-hava qatıb.
Belə maarifləndirici tədbirlər şagirdlərin dünyagörüşünün genişlənməsinə, tarixə marağının artmasına, vətənə sevgi və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verir.






















