Son illərdə turizm sektoru Azərbaycanın iqtisadi inkişafında prioritet istiqamətlərdən biridir. Bu məqsədlə geniş tədbirlər həyata keçirilir. Azərbaycana səyahətin asanlaşdırılması üçün bir sıra dövlətlərə münasibətdə viza rejiminin ləğvi, uçuş coğrafiyasının genişləndirilməsi, ölkənin təbliğatı istiqamətində genişmiqyaslı işlər görülüb.

Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bunu fevralın 27-də Milli Məclisdə keçirilən “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, son dövrlərdə ölkəmizin gəlmə turizmi üzrə statistikasına təsir edən regional geosiyasi hadisələrə baxmayaraq, rəsmi statistik məlumatların təhlili turizmin müsbət dinamika ilə inkişaf etdiyini göstərir. Belə ki, 2021-2025-ci illər üzrə postpandemiya dövründə turistlərin yerləşdirilməsi və ictimai iaşə fəaliyyəti sahəsində ÜDM istehsalı hər il orta hesabla 24,5 faiz artaraq 3,6 milyard manata çatıb. Bu isə COVID-19 pandemiyasından əvvəlki səviyyə ilə müqayisədə 23,2 faiz çoxdur.

İlkin nəticələrə görə turizm sahəsində yaradılan cəmi əlavə dəyər isə 2025-ci ildə 6,9 milyard manat olub. Nəticədə ötən il turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3 faizə yüksəlib. Sürətli böyümə dinamikası bu sahə üzrə yeni iş yerlərinin yaradılması meyillərini dəstəkləyib.

DTA sədri diqqətə çatdırıb ki, 2026-cı ilin yanvar ayında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz artım var. Artan göstəricilər onu deməyə əsas verir ki, Azərbaycanın turizm sektoru davamlı inkişafını qoruyur və qeyri-neft iqtisadiyyatının strateji dayaqlarından birinə çevrilir.

Qeyd edib ki, bununla belə, turizm sektoru bir sıra çağırışlarla qarşılaşıb. Geosiyasi risklərin artması və bunun gəlmə turizminə mənfi təsiri fonunda ölkəyə gəlmənin asanlaşdırılması, təklif olunan xidmətlərin keyfiyyətinin artırılması, sahənin iqtisadi alətlərlə təşviq edilməsi xüsusi əhəmiyyət daşıyır: "Bu baxımdan turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmişik. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir”.