Tarixdəki olaylar
28 fevral 1993 – Erməni terror qrupunun Rusiyanın Şimali Qafqaz dəmir yolunda – Qudermes stansiyası (Çeçenistan) yaxınlığında Kislovodsk-Bakı sərnişin qatarını partlatması nəticəsində 11 nəfər həlak olub, 18 nəfər yaralanıb.
28 fevral 1911 – Bakıda Opera Teatrının (indiki Akademik Opera və Balet Teatrı) açılışı olub. Açılış gecəsində M.Musorqskinin “Boris Qodunov” operası oynanılıb. 1928-ci ildə sənət ocağı Dövlət Böyük Opera Teatrı, 1934-cü ildə M.F.Axundzadə adına Böyük Opera və Balet Teatrı adlandırılıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
28 fevral 1892 – Türkiyədə müasir teatr sənətinin yaradıcılarından biri, kino aktyoru və rejissoru Mühsin Ertuğrul (1892 – 29.4.1979) anadan olub.
28 fevral 1893 – SSRİ Xalq artisti, kinorejissor Vsevolod İllarionoviç Pudovkin (1893 – 30.6.1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.
28 fevral 1894 – Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 – 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflisdə Azərbaycan teatrında, Bakıda Akademik Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.
28 fevral 1908 – Tanınmış türkoloq, filologiya elmləri doktoru Hadı İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.
28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 – 4.1.2000) Kazan şəhərində doğulub. 1938-ci ildən Akademik Dram Teatrının aktrisası olub, 1993-cü ildən Bakı Bələdiyyə Teatrında çalışıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.
28 fevral 1940 – Əməkdar incəsənət xadimi, rəssam Kamal Əhməd oğlu Əhmədov (1940 – 29.11.1994) anadan olub. Çoxfiqurlu tablo və portretlər, mənzərə və natürmortlar, abstrakt kompozisiyaların müəllifidir.
28 fevral 1942 – Tanınmış şair, publisist, tərcüməçi Səyavuş Əli oğlu Sərxanlı (1942 – 1.7.2005) Şəmkir rayonunun Sərxan kəndində anadan olub.
28 fevral 1944 – Əməkdar artist, tanınmış müğənni Nəzakət Əli qızı Məmmədova (1944 – 21.10.1980) Gəncə şəhərində doğulub. Opera və Balet Teatrının solisti olub.
Hazırladı: Vüqar Orxan























