Fevralın 26-da Bakı şəhərində keçirilmiş Birinci Türkoloji Qurultayın (1926) 100-ci ildönümü tamam olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası hazırlanıb.

Kitabxanadan bildirilib ki, bazada bir sıra rəsmi sənədlərin, həmçinin akademik Nizami Cəfərov, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəriblinin birgə hazırladıqları “Birinci Türkoloji Qurultayın tarixi missiyası”, akademik Nizami Cəfərovun “Birinci Türkoloji Qurultayın yüzüncü ildönümü ərəfəsində düşüncələr”, professor Nadir Məmmədlinin “Birinci Ümumittifaq Türkoloji Qurultayda əlifba məsələsi”, filologiya elmləri doktoru Elnarə Akimovanın “I Türkoloji Qurultay - türk ruhunun qələbəsi”, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin “Cəfər Cabbarlının Birinci Türkoloji Qurultayda fəaliyyəti” məqalələrinin tam mətni təqdim edilir.

Elektron məlumat bazasında “Türk xalqlarının tarixinin parlaq səhifəsi”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi” , “Foto və videoqalereya” kimi bölmələr də mövcuddur.

“Birinci Türkoloji Qurultay - 100” adlı elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.