Tarixdəki olaylar
25 fevral 1921 – Cənubi Qafqaza yürüşünü davam etdirən bolşevik Rusiyasının ordu hissələri Azərbaycan və Ermənistandan sonra Gürcüstanda da sovet hakimiyyətini elan edib. 1918–1921-ci illərdə fəaliyyət göstərmiş Gürcüstan Respublikasının mövcudluğuna son qoyulub.
25 fevral 1988 – Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlanan Dağlıq Qarabağ münaqişəsində yeni toqquşma baş verib. Erməni millətçiləri Əsgəranda daha iki azərbaycanlını qətlə yetiriblər.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 fevral 1707 – İtalyan dramaturqu Karlo Qoldoni (Carlo Goldoni; 1707 – 6.2.1793) anadan olub. 200-dən çox pyes yazıb.
25 fevral 1841 – Fransız rəssamı, qrafik və heykəltaraş, impressionizmin banilərindən biri Pyer Ogüst Renuar (Pierre-Auguste Renoir; 1841 – 3.12.1919) anadan olub.
25 fevral 1871 – Ukrayna ədəbiyyatının klassiki, yazıçı, şairə Lesya Ukrainka (Larisa Petrovna Kosaç-Kvitka; 1871 – 1.8.1913) anadan olub.
25 fevral 1907 – Türk yazıçısı və şairi Səbahəddin Əli (1907 – 2.4.1948) Ədirnə vilayətində doğulub. “Kuyucaklı Yusif”, “İçimizdəki şeytan” və s. romanların müəllifidir.
25 fevral 1910 – Tanınmış rəssam Rüstəm Məmmədhənifə oğlu Mustafayev (1910 – 19.7.1940) anadan olub. Azərbaycanda teatr-dekorasiya sənətinin yaradıcılarından sayılır. “Koroğlu” operasının ilk quruluşunun (1937) bədii tərtibatını verib. Bakı Türk İşçi, Akademik Dram teatrlarında çalışıb. Milli İncəsənət Muzeyi rəssamın adını daşıyır.
25 fevral 1929 – Əməkdar incəsənət xadimi, qoboy ifaçısı, pedaqoq Azər Canbaxış oğlu Abdullayev (1929 – 18.6.2010) Bakıda doğulub. Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti, Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) Nəfəs və zərb alətləri kafedrasının müdiri olub.
25 fevral 1948 – Əməkdar rəssam Fikrət Məmməd oğlu Haşımov (1948 – 8.2.2022) Naxçıvan MR Şahbuz rayonunda doğulub. Türkiyədə pedaqoji fəaliyyət göstərib. Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.
25 fevral 1951 – Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Şakir Hənifə oğlu Yaqubov (1951 – 15.10.2022) Astara rayonunun Balaca Şahağac kəndində anadan olub.
25 fevral 2022 – Görkəmli xanəndə, Xalq artisti Əlibaba Balaəhməd oğlu Məmmədov (5.2.1930 – 2022) vəfat edib. Milli muğam sənətinin inkişafına dəyərli töhfələr verib, mahnı və təsniflərin müəllifidir.
Hazırladı: Vüqar Orxan























