Xəzər Universitetinin “Dünya” məktəbində 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə “Cəlil işığı” tamaşasının premyerası keçirilib.
Tamaşa görkəmli ədib Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunub. Səhnə əsərində yazıçının doğma dil uğrunda apardığı mübarizə, xalqın maariflənməsi naminə gördüyü işlər və dövrün ictimai-siyasi reallıqları bədii formada tamaşaçılara təqdim edilib.
Tamaşada Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadə ilə birlikdə "Molla Nəsrəddin" jurnalını nəşr etməsi, cəmiyyətin maariflənməsi istiqamətində apardıqları fəaliyyət xüsusi vurğulanıb.
Səhnə həllində yazıçının təqiblərə məruz qalması, jurnal redaktorluğundan uzaqlaşdırılması və əsərlərini sobada yandırmaq məcburiyyətində qalması dramatik kulminasiya nöqtəsi kimi təqdim olunub. Yandırılan vərəqlərdən doğan obrazların səhnədə canlanması tamaşaya simvolik və emosional dərinlik qatıb.
Qeyd edək ki, tamaşanı təqdim edən heyət məktəbin müəllim və şagirdlərindən ibarətdir. Tamaşanın ssenari müəllifi Fidan Məmmədova, rejissoru Murad Allahverdi, təşkilatçısı Şükufə İsmayılovadır.
Tamaşanın nümayişindən sonra sənət axşamı ana dilimizin ətri duyulan poeziya dəqiqələri ilə davam edib.
Səməd Vurğun, Mikayıl Müşfiq, Musa Yaqub, Nəriman Həsənzadə, Ramiz Rövşən və Hamlet İsaxanlının ruh oxşayan misraları müəllim və şagirdlərin ifasında səslənib. Bu hissədə Güney Azərbaycandakı soydaşlarımızın ana dilinə sonsuz sevgisi xüsusi həssaslıqla vurğulanıb. Bu məqamlar dilimizin sərhədləri aşan sehrini və doğmalığını bir daha duyurub.
Dil bayramına dəyər qatan qonaqlar – Qurban Qurbanov, Kamal Yaşar, Xəzər Süleymanlı, Qulu Ağasəs və Qəmər Seyfəddinqızı iştirakları ilə ana dilimizə olan ehtiramın gözəl nümunəsini gənc nəslə nümayiş etdiriblər.
























