XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır faciələrdən biri olan Xocalı soyqırımı milli yaddaşımızda silinməz iz buraxıb. 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalı şəhərində törətdiyi qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, ümumilikdə bəşəriyyət, insanlıq əleyhinə cinayət idi.

Xocalı faciəsi təsviri sənətdə, xüsusilə heykəltəraşlıqda geniş bədii əksini tapıb. Rəssam və heykəltəraşlar bu mövzuya müraciət edərək ağrının, iztirabın və ədalət çağırışının plastik ifadəsini yaratmağa çalışıblar. Belə əsərlər muzey və qalereyalarda qorunaraq həm sənət nümunəsi, həm də tarixi yaddaşın vizual sənədi kimi yaşadılır. Lakin zaman keçdikcə materialın təbii qocalması, mexaniki zədələr, temperatur və rütubət dəyişikləri nəticəsində muzey əşyaları konservasiya və bərpaya ehtiyac duyur. Bu mərhələdə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin rolu xüsusi əhəmiyyət kəsb edir.

“Xocalı soyqırımı” adlı heykəltəraşlıq əsəri də bərpa məqsədilə Azərbaycan Dövlət Rəsm Qalereyasından mərkəzə daxil olub. Ölçüləri 90x85x27 sm olan heykəlin müəllifləri Azər Kərimov və Rasim Quliyevdir. Heykəl poliester materialdan hazırlanıb, postamenti isə qranitdəndir.

Kompozisiya mürəkkəb çoxfiqurlu quruluşa malikdir. Yuxarı hissədə bir-birinə sıx şəkildə birləşdirilmiş insan fiqurları xaotik dinamika içində təsvir edilib. Bədənlərin burulması, əllərin fəryad jesti ilə yuxarı qalxması, başların arxaya atlaması ekspressiv plastikanın əsas göstəriciləridir. Anatomik həll realizm prinsiplərinə söykənsə də, emosional təsiri gücləndirmək məqsədilə müəyyən deformasiya elementlərindən istifadə olunub.

Fiqurların bir kompozisiya kütləsində toplanması kollektiv faciə ideyasını simvolizə edir. Hər bir obraz fərdi ağrını ifadə etsə də, bütövlükdə onlar vahid iztirab məkanında birləşirlər. Səthin fakturası isə kobud və relyeflidir; işıq-kölgə oyunu dramatizmi artıraraq plastik gərginliyi gücləndirir.

Qranit postament kompozisiyanın semantik dayağıdır. Daş materialın möhkəmliyi və davamlılığı tarixin dəyişməzliyini və yaddaşın əbədiliyini simvolizə edir. Postament üzərində “XOCALI SOYQIRIMI” yazısı memorial xarakteri vurğulayır. Aşağı hissədə yerləşən patron gilizləri isə müharibə gerçəkliyinin birbaşa vizual rəmzi kimi çıxış edir və əsərin ideya məzmununu tamamlayır. Poliester materialın seçilməsi müəlliflərə mürəkkəb plastik formaları sərbəst modelləşdirməyə imkan verib, emosional intensivliyi artırıb.

Əsər Elmi Bərpa Mərkəzinə daxil olduqda bir sıra zədələr müşahidə edilirdi. Onun bərpasına gəldikdə isə, ilkin mərhələdə mexaniki təmizləmə aparıldı. Qranit postamentdə qopmuş hissəyə öncədən müdaxilə olunmuşdu; yapışdırılmış, lakin sonradan zərbə nəticəsində yenidən ayrılmış vəziyyətdə idi. Həmin hissədəki köhnə yapışqan qalıqları tam təmizləndi və uyğun yapışqan vasitəsilə yenidən yerinə bərkidildi. Heykəlin yuxarı sol hissəsində qırılmış element də yerinə bərkidildikdən sonra iki insan fiqurunun əllərində olan sınmış və itirilmiş hissələr poliester əsaslı yapışqan vasitəsilə bərpa olundu. Səthdə yaranmış çatlar dolduruldu, struktur sabitliyi təmin edildi. “XOCALI SOYQIRIMI” yazısında çatışmayan və qopmuş elementlər də bərpa olunduqdan sonra ümumi tonlaşdırma aparılaraq yeni bərpa edilmiş hissələr ilə orijinal səth arasında vizual uyğunluq yaradıldı. 

Bərpa işləri bərpaçı-rəssam Sultan Sultanov tərəfindən icra edilib.

Nəticə olaraq demək olar ki, bu heykəl yalnız estetik obyekt deyil, həm də yaddaşın, tarixi həqiqətin bədii manifestidir. Aparılmış  bərpa nəticəsində əsərin struktur möhkəmliyi və estetik bütövlüyü təmin olunub, gələcək nəsillərə ötürülməsi üçün zəruri şərait yaradılıb. Bu cür nümunələrin qorunması milli-mədəni irsin mühafizəsi və tarixi yaddaşın yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Lalə Həsənzadə

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi-işçisi