Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Sənət dialoqu” adlı yeni layihəyə başlayır.

Layihənin əsas məqsədi tanınmış mədəniyyət xadimlərinin paytaxt və regionlarda fəaliyyət göstərən incəsənət məktəblərinin şagirdləri ilə görüşlərinin təşkili, sənətkarların öz bilik və təcrübələrini gənc istedadlarla bölüşməsi, gənc nəslin sənət zövqünün zənginləşdirilməsi, onların yaradıcılıq potensialının stimullaşdırılmasıdır.

Layihə çərçivəsində musiqi, teatr, kino, rəssamlıq, rəqs, dekorativ-tətbiqi sənət və s. sahələrin nümayəndələri ilə görüşlər nəzərdə tutulur.

Fevralın 28-də saat 12:00-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Sənət dialoqu” layihəsi üzrə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) prorektoru, Xalq artisti, xoreoqraf və pedaqoq Təranə Muradova ilə görüş keçiriləcək.

Görüş BXA, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə gerçəkləşəcək.