21 fevral Beynəlxalq Ana Dili Günüdür (International Mother Language Day). Əlamətdar gün 1999-cu ildə UNESCO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilib və 2000-ci ildən qeyd edilir. Bu gün münasibətilə Azərbaycanın mədəniyyət, təhsil müəssisələrində də hər il tədbirlər, layihələr həyata keçirilir.

Milli Kitabxanada “21 fevral – Beynəlxalq Ana Dili Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, virtual sərgidə Azərbaycan dilinin dövlət dili kimi inkişafında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlər, Prezident İlham Əliyevin dil siyasəti ilə bağlı atdığı addımlar, Azərbaycan dilinin tarixi, dilçilik məsələləri, həmçinin dilin tədrisi ilə bağlı tədqiqatlar, dövrü mətbuatda çap olunan məqalələr əhatə olunub.

Virtual sərgi ilə kitabxananın saytında müvafiq link vasitəsilə tanış olmaq mümkündür.

Ənənəvi sərgidə isə mövzu üzrə kitablar, o cümlədən monoqrafiyalar, dərsliklər, Azərbaycan və dünya dilləri haqqında tədqiqatlar, xarici dillərdə lüğətlər və s. nümayiş olunur.