Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Azərbaycan kino sənətində iz qoymuş sənətkarların yubileyləri ilə bağlı film nümayişləri təşkil edilir.

Fevralın 19-da Qaradağ rayon Heydər Əliyev Mərkəzində Xalq artisti, Dövlət mükafatı laureatı Əliabbas Qədirovun (1946–2006) 80 illik yubileyi münasibətilə “Qızıl uçurum” filmi nümayiş olunub.  

Görkəmli aktyor 1980-ci ildə çəkilən “Qızıl uçurum” (quruluşçu rejissor Fikrət Əliyev) filmində baş rolu (Cəlil) oynayıb.

Filmə 106, 233 və 288 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri baxıbılar.

Mərkəzin əməkdaşı nümayişdən öncə Xalq artisti Əliabbas Qədirovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, Əliabbas Qədirov Azərbaycan teatr və kino sənətində özünəməxsus dəst-xətti ilə, yaratdığı xarakterik obrazlarla seçilən sənətkarlardandır. O, teatr sahəsində olduğu kimi, kino yaradıcılığında da tamaşaçıların rəğbətini qazanıb, Azərbaycan kinematoqrafiyasına töhfələr verib.

 ***

Fevralın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Əməkdar incəsənət xadimi, kinorejissor Həbib İsmayılovun (1906–1966) 120 illik yubileyi münasibətilə “Ögey ana” filmi nümayiş olunub.

Film nümayişinə rayon məktəblərinin müəllim və şagird kollektivləri dəvət edilib.

Nümayişdən əvvəl diqqətə çatdırılıb ki, Həbib İsmayılov Azərbaycan kinosuna iki dəyərli bədii film bəxş edib. O, rejissor kimi daha çox sənədli kinoda çalışsa da, 1958-ci ildə ekranlara çıxan “Ögey ana” və 1962-ci ildə çəkdiyi “Böyük dayaq” filmləri ilə milli kino tarixində böyük iz qoyub. Vurğulanıb ki, “Ögey ana” Azərbaycan kinosunun ən təsirli ekran əsərlərindən biri, ana sevgisinin qan bağı ilə ölçülmədiyini sübut edən nadir filmlərdəndir. Film bizə göstərir ki, mərhəmət, səbir və sevgi insanı doğmalıqdan da uca bir mərtəbəyə qaldıra bilər.