Xəbər verildiyi kimi, Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin olunub.

Ədalət Hacıyev bu təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib. 2008-ci ildə teatrın direktoru təyin edilmişdi. Ondan öncə isə (1989-cu ildən) Rus Dram Teatrının direktor müavini olmuşdu. 2013-cü ildə dövlət başçısının sərəncamı ilə Ədalət Hacıyevə Əməkdar mədəniyyət işçisi fəxri adı verilib.

Ədalət Hacıyev 1959-cu ildə Bakıda anadan olub. 1981-ci ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu (indiki UNEC) bitirib. Rus Dram Teatrına təyinat alana qədər respublika komsomol təşkilatında – Azərbaycan LKGİ-nin Mərkəzi Komitəsində çalışıb.

Xatırladaq ki, 2025-ci ilin aprel ayında Gəncə Dövlət Milli Dram Teatrının direktoru Aqil Bəhramlı vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru təyin edilmişdi.

***

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru vəzifəsinə də təyinat olub.

Mədəniyyət naziri Adil Kərimlinin əmri ilə Oleq Əmirbəyov Rus Dram Teatrının direktoru təyin edilib.

Oleq Əmirbəyov bu təyinatadək (2023-cü ildən) mədəniyyət nazirinin müşaviri vəzifəsində çalışıb.

Oleq Arnoldoviç Əmirbəyov 1986-cı ildə Bakıda doğulub. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini dram teatrı rejissoru ixtisası üzrə bitirib. Bakı Kamera Teatrında rejissor assistenti, “Space” kanalında rejissor, “Mir” dövlətlərarası (MDB) telekanalında müxbir, Azərbaycan Televiziyasında (o cümlədən “İdman” və “Mədəniyyət” kanallarında) aparıcı kimi çalışıb.

Tələbə ikən Rus Dram Teatrının tamaşalarında çıxış edib, 2010-cu ildə aktyor kimi truppaya daxil edilib. Teatrda fəaliyyəti ilə yanaşı filmlərdə də çəkilib. 2021-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.

Yeni təyinatı ilə əlaqədar Oleq Əmirbəyov mədəniyyət nazirinin müşaviri vəzifəsindən azad edilib.