Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Nikolay Qoqolun “Evlənmə” pyesi əsasında hazırlanan tamaşanın oxunuş məşqlərinə başlanılıb.

Teatrdan verilən məlumata görə, “Evlilik” adı verilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Elşad Rəhimzadə, quruluşçu rəssamı Elmira Üzeyirova, rejissor assistenti Fuad Cavadzadə, xoreoqraf Ceyhun Dadaşovdur.

Tamaşada Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar artistlər Şəfəq Əliyeva, Nofəl Vəliyev, Leyli Vəliyeva, Elnur Bəhramxan, Rasim Cəfər, aktyorlar Zemfira Əbdülsəmədova, Günel Məmmədova, Ramil Məmmədov, Elşən Hacıbabayev, Elgün Yəhyayev, Hökümə Rəhimzadə, Hilal Dəmirov, Xaliq Bəkirov, İmdad Tofiqoğlu, Nuriyyə Əliyeva, Mehriban Hüseynova, Mətləb Abuşov iştirak edirlər.

Yaşı ötmüş kiçik məmur İvan Kuzmiç Podkolyosin evlənmək, tacir qızı Aqafya Tixonovna isə ərə getmək arzusundadır. Aradüzəldən Fyokla İvanovna da bu prosesdə şəxsi maraqları naminə fəallaşır.

Müəllif əsərdə insan münasibətlərinə laqeyd yanaşmağın, ülvi hissləri oyuncağa çevirməyin acı nəticələrini satirik dillə təqdim edir.

Xatırladaq ki, rus yazıçısı N.Qoqolun "Evlənmə" əsəri bundan öncə Akademik Milli Dram, Akademik Rus Dram və Akademik Musiqili teatrlarında səhnəyə qoyulub.