F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə fevralın 9-da Azərbaycan Milli Kitabxanasında yazıçı İlqar Kamilin “9-cu mərtəbə” adlı sənədli romanının təqdimat mərasimi keçirilib.
Kitab Vətən müharibəsi şəhidi tank komandiri, leytenant Murad Nağıyevin qəlbindən süzüb gələn məktubları, sonsuz Vətən sevgisini sözə çevirən sənədli romandır. Əsər şəhidin həyat və döyüş yolunu əhatə edən bioqrafik məlumatları təqdim etməklə yanaşı, onun daxili aləmini, xatirələrini və ədəbi yaradıcılığını əks etdirir.
Tədbir Azərbaycanın suverenliyi və torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Murad Nağıyevin həyatı, aldığı hərbi təhsil, döyüş yolu və Vətən müharibəsində göstərdiyi şücaəti haqqında məlumat verilib.
Çıxışlarda onun həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı şair olduğu xüsusi vurğulanıb.
Kitabın müəllifi İlqar Kamil, şəhidin qardaşı Orxan Nağıyev, silah yoldaşı Namiq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər şurasının sədri Fərid Hüseyn, şair-publisist, “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, 3 saylı Uşaq-gənclər inkişaf mərkəzinin (UGİM) üzvü Əli Zeynallı çıxış ediblər.
Muradın qəhrəmanlığı, xarakter keyfiyyətləri, bədii yaradıcılığı haqqında fikirlər səsləndirilib.
Kitabdan Murad Nağıyevin məktubları oxunub. Şəhidin Vətənə, anasına, dostuna, sevdiyi qıza və şəhidlik zirvəsinə həsr olunmuş məktubları onun daxili aləmini, duyğularını nümayiş etdirib.
Tədbirin davamında Murad Nağıyevin həyatı, xatirələri və qələmindən çıxan şeirlər videoçarx formatında nümayiş etdirilib.
Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu və professor İlham Pirməmmədov kitab haqqında düşüncələrini bölüşüb, Muradın vətənpərvərlik ruhunu və ədəbi irsini gənclərə çatdırmağın əhəmiyyətini vurğulayıblar.
3 saylı UGİM-in “Çiçəyim” uşaq teatrının və “Azəri inciləri” vokal qrupunun gənc istedadları şeir və musiqi nömrələri ilə tədbirin bədii hissəsini zənginləşdiriblər.
Sonda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova şəhid Murad Nağıyevin ailə üzvləri, şəhid ailələri və tədbirə qatılan digər qonaqlara göstərdikləri diqqət və iştiraka görə minnətdarlığını ifadə edib.
Müəllifin imza mərasimi təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd şəhid leytenant Murad Nağıyevin qəhrəmanlığını, həyat yolunu və ədəbi irsini gənc nəsillərə tanıtmaq, vətənpərvərlik hissini gücləndirmək və oxuculara şəhidlik nümunəsini daha yaxından çatdırmaqdır.
***
Nağıyev Murad Mayıl oğlu 9 fevral 1997-ci ildə Qazax rayonunda dünyaya gəlib. O, bir yaşında olarkən ailələri Bakıya köçüb. Murad Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, 271 saylı tam orta məktəbdə oxuyub. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə imtahan verib və yüksək nəticə göstərdiyinə görə Türkiyənin Kuleli Hərbi Liseyinə seçilib. Liseyi bitirdikdən sonra 2015-ci ildə Türkiyədə Quru Qoşunları Hərbi Məktəbinə daxil olub.
Murad Nağıyev 2020-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbindən məzun olub və N saylı hərbi hissəyə təyinat alıb, leytenant rütbəsi ilə tank taborunda tağım komandiri olaraq xidmətə davam edib.
2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qəhrəmanlıqla vuruşan tankçı Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu ərazisində döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Murad Nağıyev uşaq yaşlarından ədəbiyyata, incəsənətə maraq göstərib, müxtəlif musiqi alətlərində ifa etməyi öyrənib, həm türkcə, həm də ana dilində şeirlər yazıb. Kulelidə təhsil alarkən “Mürekkebimdir Kuleli” kitabında (2015) şeirləri çap edilib. Şəhadətindən sonra şeirləri ədəbiyyat çevrələrində tanınıb, “Kardeş kalemler” jurnalında və “Ədəbiyyat qəzeti”ndə dərc olunub.
























