Tarixdəki olaylar
6 fevral 1840 – Yeni Zelandiya Böyük Britaniya imperiyasının nəzarəti altına keçib. Adanın yerli qəbilələrinin başçıları ilə Britaniya hökuməti arasında bağlanan sazişdə bunun könüllülük əsasında baş verdiyi qeyd olunurdu.
6 fevral 1905 – Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlanıb. Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü.
6 fevral 1992 – Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər qurulub.
6 fevral 2004 – Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya ilk rəsmi başlanıb. İki gün sürən səfər gedişində Rusiya rəhbərliyi ilə ikitərəfli münasibətlərin geniş spektri müzakirə edilib, bir sıra sənədlər imzalanıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
6 fevral 1894 - Gürcü kinorejissoru və ssenaristi, SSRİ Xalq artisti Mixail Edişeroviç Çiaureli (1894 – 31.10.1974) anadan olub.
6 fevral 1932 – Fransız aktyoru və rejissoru, kino sənətində “yeni dalğa”nın banilərindən biri Fransua Trüffo (François Roland Truffaut; 1932 – 21.10.1984) anadan olub.
6 fevral 1924 – Xalq artisti Firəngiz Abbas Mirzə qızı Şərifova (1924 – 20.2.2014) anadan olub. Uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb. “Qərib cinlər diyarında”, “Ən vacib müsahibə”, “Bayquş gələndə”, “Qətl günü” və s. filmlərdə çəkilib.
6 fevral 1927 – Xalq artisti, rejissor, aktyor Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 – 1.2.2004) Ağdaşda doğulub. 50-dək televiziya tamaşasına quruluş verib. “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.
6 fevral 1950 – Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev (1950 – 25.12.2016) Bakının Əmircan kəndində anadan olub. 1977-ci ildən yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub.
Hazırladı: Vüqar Orxan






















