Fevralın 4-də Prezident Kitabxanası və “Bizi birləşdirən mədəniyyət” İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyət” tədbirlər silsiləsi çərçivəsində Azərbaycanın dünyaca məşhur bəstəkarı, Dövlət mükafatları laureatı Qara Qarayevin yaradıcılıq irsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Prezident Kitabxanasının direktoru professor Afət Abbasova giriş sözündə Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən və dahi bəstəkarın irsinə göstərdiyi yüksək dövlət qayğısından danışıb. Qara Qarayev yaradıcılığının gənc musiqiçilər və tədqiqatçılar üçün tükənməz mənbə olduğu vurğulanıb.

Sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən videoçarx nümayiş olunub.

Prezident Kitabxanasının Qara Qarayev haqqında virtual sərgisi təqdim olunub.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə, Xalq artisti, bəstəkar Elnarə Dadaşova, bəstəkar Azad Zahid, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Leyla Quliyeva və digər çıxış edənlər bəstəkarın yaradıcılıq fəlsəfəsindən, dünya miqyaslı əsərləri ilə Şərq və Qərb mədəniyyətləri arasında yaratdığı mənəvi körpüdən və yetişdirdiyi bəstəkarlıq məktəbinin bu gün də Azərbaycan mədəniyyətini beynəlxalq arenada layiqincə təmsil etməsindən söz açıblar. Qara Qarayev fenomeninin dünya musiqi xəzinəsindəki əvəzolunmaz yeri xüsusi vurğulanıb.

Tədbir bədii hissə ilə davam edib.

Əməkdar artist, vokalçı İlham Nəzərovun ifasında bəstəkarın “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində” romansları və "Bakı haqqında mahnı”sı səsləndirilib (pianoda müşayiət: Nüşabə İsa).

Beynəlxalq müsabiqələr laureatı, pianoçu Səidə Tağızadə bəstəkarın “Prelüdiyalar”ını və “İnsan məskən salır” filminə yazdığı musiqi nümunələrini ifa edib.