Naxçıvan Dövlət Universitetinin (NDU) İncəsənət fakültəsində Xalq artisti, professor, “Şöhrət” ordenli dirijor Ağaverdi Paşayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev yubilyarı təbrik edib, onun Azərbaycan musiqi mədəniyyətində mühüm xidmətləri olduğunu vurğulayıb.

Qeyd edilib ki, sənətkarın fəaliyyəti yalnız sənət uğurları ilə məhdudlaşmır, o, təhsil və mədəniyyət arasında möhkəm körpünün qurulmasına da töhfələr verir, gənc nəslin estetik zövqünün formalaşmasına, milli-mənəvi dəyərlərə bağlı kadrların yetişdirilməsinə xidmət edir.

Rektor Ağaverdi Paşayevin nümunəvi həyat və sənət yolunun, zəngin təcrübəsinin gənclər üçün əsl örnək olduğunu diqqətə çatdırıb.

Yubilyara NDU-nun fəxri fərmanı və universitet kollektivi adından hədiyyələr təqdim edilib.

Sənətşünaslıq elmləri doktoru, dosent, Əməkdar müəllim İnara Məhərrəmova sənətkarın həyat və yaradıcılığı haqqında məruzəsində onun “Şöhrət” ordeni ilə yanaşı, “Qızıl cəng” beynəlxalq mükafatı və “Humay” mükafatı laureatı olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olan sənətkar 50 ildir musiqi sənətinə xidmət edir.

Prezidentin fərdi təqaüdçüsü, Naxçıvan MR-nin Əməkdar mədəniyyət işçisi, NDU-nun İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının müəllimi Əkrəm Məmmədli yubilyarla bağlı xoş xatirələrini bölüşüb. Bildirib ki, Ağaverdi Paşayev dirijor və sənətkar kimi çoxsaylı  uğurlara imza atıb, sənətdə öz sözünü deyib.

Tədbirdə NDU-nun nəzdində Musiqi Kollecinin xalq çalğı alətləri orkestri dirijor Niyaz İsmayılovun rəhbərliyi ilə Xəlil Cəfərovun “Rəqs süitası”nın I, II, III və IV hissələrini ifa edib.

Sonda Ağaverdi Paşayev göstərilən diqqət və qayğıya görə rektora və universitet kollektivinə təşəkkürünü bildirib.