Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Zaman sənindir!” adlı tədbir keçirilib.
Muzeydən bildirilib ki, tədbir çərçivəsində gənc geyim dizaynerləri Selcan Qasımzadə və Aydan Novruzova öz kolleksiyalarından nümunələr təqdim ediblər. Onlar həm təsviri sənət və dizayn sahəsində hazırladıqları kreativ işlər barədə, həm də məşğul olduqları sənət sahəsi haqqında tədbir iştirakçılarına məlumat veriblər.
Aydan Novruzovanın incəsənətin qədim və nadir növlərindən olan qobelen toxuculuğuna aid əl işləri də nümayiş olunub.
Gənclərin yaradıcılıq potensialının tanıdılması və sənət sahəsində özünüifadə imkanlarının genişləndirilməsi məqsədilə təşkil edilən tədbir bədii hissə ilə davam edib.

























