Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının üzvü Ramilə Şamilovanın rəhbərliyi ilə fəaliyyət göstərən “LèRami” art studiyasının tələbələrinin iştirakı ilə “Aether” adlı qrup sərgisi açılıb.

Sərgidə 35 rəssamın 85 əsəri yer alıb. 

Təranə Quliyeva, Fidan Vəlizadə, Asiman Şükürova, Vüsalə Nuruzadə, Günel Amanova, Zümrüd Məmmədova və başqaları əl işlərini təqdim ediblər.

Böyüklərlə yanaşı uşaqlar da sərgidə öz istedadlarını nümayiş etdiriblər.

Rəssam, pedaqoq və kurator Ramilə Şamilova sənət təhsilini Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında alıb. Həmçinin London Müasir İncəsənət Muzeyinin "Müasir incəsənət və ideyalar" kursunda onlayn təhsil alıb. 

“LèRami” art studiyası vaxtilə rəsmlə məşğul olmaq istəyən, amma bunu edə bilməyən, indi isə uşaqlıq arzularını reallaşdırmağa çalışan müxtəlif yaşda xanımları bir araya gətirib və onların təsviri sənət bacarıqlarını üzə çıxarmağa şərait yaradır.

Növbəti qrup sərgisi Ramilə Şamilovanın pedaqoji uğurlarını və onun tələbələrinin bədii inkişafını qeyd etmək üçün mükəmməl bir fürsət olub.