2025-ci ildə Türkiyənin turizm gəliri əvvəlki illə müqayisədə 6,8 faiz artaraq 65 milyard 231 milyon dollar təşkil edib. Bu, ölkənin turizm sektoru üçün tarixi rekorddur.
2025-ci ildə Türkiyəyə gələn turist sayı isə 63 milyon 941 min nəfər olub ki, bu da bir öncəki illə müqayisədə 2,7% artım deməkdir.
Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sektor və media təmsilçiləri ilə görüşündə 2025-ci ilin yüksək göstəricilərini diqqətə çatdırıb.
İstanbul Atatürk Mədəniyyət Mərkəzində keçirilən mətbuat konfransında Türkiyənin artıq qlobal turizmin yüksək liqasında olduğunu vurğulayan nazirin sözlərinə görə, bu sahədə çoxdan gözlənilən böyük bir nəticəyə nail olunub: “2025-ci ilin məlumatları göstərir ki, turizmdə həm gəlir, həm də ziyarətçi sayı Cümhuriyyət tarixində ən yüksək səviyyələrə çatıb”.
Nazir xatırladıb ki, Dünya Turizm Təşkilatının məlumatlarına görə, 2017-ci ildə qəbul etdiyi turist sayına görə dünyada 8-ci olan Türkiyə 2024-cü ildən artıq 4-cü yerdədir. 2017-ci ildə turizm gəlirlərində dünya üzrə 15-ci olan Türkiyə 2024-cü ildə 7-ci yerə yüksəlib. Bu, Türkiyə turizminin yalnız regional deyil, qlobal gücə çevrildiyini göstərir.
2026-cı il üçün sektorda gəlir hədəfinin 68 milyard dollar olduğunu deyən Mehmet Nuri Ersoy son illərdə əldə edilən uğurda Turizm Təşviqi və İnkişaf Agentliyinin (TGA) roluna xüsusi diqqət çəkib.
O xatırladıb ki, Türkiyə dünya 8-cisi olduğu 2017-ci ildə ölkəyə 37 milyon 970 min turist gəlmişdi. 2024-də bu rəqəm 62 milyon 270 minə, 2025-ci ildə isə 63 milyon 941 minə çatıb.
Türkiyəyə ən çox turist göndərən ölkələr sıralamasında isə Rusiya əvvəlkitək birincidir. 2025-ci ildə Rusiyadan 6,9 milyon turist gəlib ki, bu da öncəki ilə nisbətən 2,9 faiz artımdır.
İkinci sırada Almaniyadan gələn turistlər (6,75 milyon nəfər), üçüncü yerdə isə Böyük Britaniyadan gələnlər (4,27 milyon turist) olub.
4-cü yerdə olan İrandan gələn turist sayı ötən il 7 faiz azalaraq 3 milyon 50 min nəfər olub. 5-ci sırada isə Türkiyənin daha bir qonşusu Bolqarıstandır – 2,8 milyon nəfər.
Vüqar Orxan























