ADA Universitetinin Qazax Mərkəzi – Qazax Müəllimlər Seminariyası və “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Qədim Şəmkir şəhərinin təqdimatı, təşviqi və təbliği” mövzusunda elmi-praktik seminar və sərgi keçirilib.

Bu barədə “Qədim Şəmkir Şəhəri” qoruğundan məlumat verilib.

Tədbirdə ADA Universiteti Qazax Mərkəzinin əməkdaşları və magistr tələbələri ilə yanaşı, Avey və Keşikçidağ tarix-mədəniyyət qoruqlarının, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax və Ağstafa şöbələrinin əməkdaşları iştirak ediblər.

Qazax Müəllimlər Seminariyasının İncəsənət mərkəzində təşkil olunan sərgidə “Qədim Şəmkir şəhəri” ərazisində aparılan arxeoloji qazıntılardan əldə edilmiş artefaktlar, eləcə də qoruğa aid abidələr barədə məlumatları əks etdirən çap materialları nümayiş etdirilib.

Qoruğun baş fond mühafizəçisi Təranə Gözəlova sərgidə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib, “Orta əsr Şəmkir əczaxanası və müəmmalı saxsı qablar – sferokonuslar” mövzusunda təqdimatla çıxış edib.

Qoruğun əməkdaşı Nailə Hacıyeva isə qazıntılar zamanı aşkar edilmiş numizmatik materiallara dair məruzə təqdim edib.

Elmi-praktik seminar ADA Universiteti Qazax Mərkəzinin “Məclisi-maarif” zalında davam edib.

Tədbiri giriş sözü ilə “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun elmi işçisi Aləmzar Hüseynova açıb.

ADA Universiteti Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşlü çıxış edərək mərkəzin tədrislə yanaşı elmi-maarifləndirici fəaliyyətinin əhəmiyyətini vurğulayıb.

Qoruğun direktoru Nurlan Həsənov “Qədim Şəmkir şəhər yeri haqqında” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir çərçivəsində Xəyal Səməndərli “Virtual ekskursiya və həvəskar jurnalın təqdimatı”, Nahid Qasımov isə “Şəmkir şəhərində yerləşən tarixi abidələr” mövzularında çıxış ediblər.

Bildirilib ki, Şəmkir rayonu Qədimqala kəndinin şimalında yerləşən “Qədim Şəmkir şəhər yeri” dünya əhəmiyyətli abidə olmaqla, V–VI əsrlərdən XIII əsrin 30-cu illərinədək şəhərin mövcudluğunu sübut edir. Böyük İpək Yolu üzərində yerləşən bu şəhər IX–X əsrlərdə mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI–XII əsrlərdə isə Şəddadilər və Azərbaycan Atabəyləri dövlətlərinin siyasi, iqtisadi və mədəni həyatında əhəmiyyətli rol oynayıb. Şəhərin inkişafı monqol işğalı ilə dayandırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Şəmkir rayonunun tarixi ərazisini əhatə edən “Qədim Şəmkir şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.