2026-cı ildə böyük Azərbaycan şairi Əfzələddin Xaqani Şirvaninin 900 illiyi tamam olur.
Prezident İlham Əliyev yanvarın 28-də şairin yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardandır. Zəmanəsinin ən müxtəlif elmlərini dərindən bilən və Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası şeiriyyətin zirvəsində dayanan sənət nümunələrindən ibarət zəngin bir irs qoyub gedib. Ədalətə çağırış, mübarizə ruhu və şəxsiyyət azadlığı, mənəvi ucalıq, insan ləyaqəti və idrakın gücünə inam bu nadir irsin səciyyəvi cəhətləridir.
Xaqani yaradıcılığında ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür. Dövrünün mədəni həyatı ilə heyrətamiz dərəcədə sıx bağlı olan Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərib. Sonrakı yüzilliklərin ustad şairləri Xaqani dühasına həmişə ehtiramla yanaşıb, məktəb kimi ondan bəhrələniblər.
Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan ədəbiyyatının qüdrətli nümayəndəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.



















