Respublika “Xatirə Kitabı” redaksiyası Yasamal Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı ilə birgə yanvarın 28-də “44 gün – Tarixi zəfər” adlı çoxcildliyin IV cildinin təqdimat mərasimini keçirib.

Redaksiyadan bildirilib ki, nəşrdə Vətən uğrunda şəhid olmuş şəxslər barədə ensiklopedik məlumatlar toplanıb.

Respublika “Xatirə Kitabı”nın indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya 2017-ci ildə Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə dörd cilddən (iki dildə) ibarət nəşr hazırlayıb.

Bundan başqa, “Qələbə - 75 və Qələbə 80: Azərbaycan xalqının mübarizə əzmi” kitablarında 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti əhatə olunub.

Redaksiyanın “Bakı Xəbər” qəzeti ilə birgə həyata keçirdiyi “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsi çərçivəsində Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr edilmiş 10 kitab işıq üzü görüb. Həmçinin “Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında 8 sənədli film çəkilib.

Redaksiyanın hazırladığı “Heydər Əliyev xatirə kitabının yaradıcısıdır” kitabı Ümummilli liderin 100 iliyi münasibətilə çap edilib.