Yanvarın 27-də Milli Kitabxanada görkəmli ədib, maarifçi İsmayıl bəy Qutqaşınlının 220 illik yubileyi və Azərbaycanın görkəmli tarixçisi, Əməkdar elm xadimi Sara Aşurbəylinin 120 illik yubileyi münasibətilə kitab sərgiləri istifadəçilərə təqdim olunub.
Bu barədə kitabxanadan məlumat verilib.
“İsmayıl bəy Qutqaşınlı – 220 ” adlı sərgidə ədibin əsərləri, həyatı, ictimai fəaliyyəti və ədəbi irsi, xatirə ev-muzeyi haqqında ədəbiyyatlar sərgilənir.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr (hekayə) janrını gətirən yazıçı, “Rəşid bəy və Səadət xanım” əsərinin müəllifidir.
Keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə tanış olub.
1822-ci ildə rus ordusunda xidmətə başlayıb. Peterburqda kadet məktəbində oxuyub. Əlahiddə Qafqaz Korpusu tərkibində hərbi xidmətə başlayıb. Xidməti illərində rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnib, dövrünün qabaqcıl Azərbaycan ziyalılarından biri olub.
***
“Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgisində alimin əsərləri, fundamental elmi tədqiqatları, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar sərgilənir.
Azərbaycanın görkəmli tarixçisi Sara Balabəy qızı Aşurbəyli ilk təhsilini “Müqəddəs Nina” Bakı qız tədris müəssisəsində alıb. 1925-ci ildə İstanbulda “Müqəddəs Janna d-Ark kolleci”ni bitirib. 1925-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin tarix şöbəsində ali təhsil alıb.
1949-cu ildə tarix elmləri namizədi, 1965-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini alıb. Alimin 8 monoqrafiyası və 100-dən çox elmi məqaləsi nəşr edilib.
Sara Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Müxtəlif sərgilərdə iştirak edıb.
Azərbaycan tarixşünaslığındakı fundamental və akademik fəaliyyətinə görə fəxri ad, orden və medallarla təltif edilib.





















