Xalqımız tərəfindən həm dərin hüzn, həm də milli qürur hissi ilə yad edilən 20 Yanvarın 36-cı ildönümü tamam oldu. 1990-cı il 20 Yanvar hadisələri xalqımızın tarixində yalnız faciə kimi deyil, eyni zamanda milli yaddaşın, milli mənlik şüurunun formalaşmasında dönüş nöqtəsi kimi mühüm yer tutur. Bu hadisə, Azərbaycan xalqının azadlıq iradəsinin qanla yazılmış salnaməsi olmaqla yanaşı, milli mədəniyyətimizdə, xüsusilə də musiqi sənətində dərin izlər buraxmışdır.
Məlumdur ki, musiqi xalqın kollektiv yaddaşının ən həssas və davamlı ifadə formalarından biridir. Tarixi faciələr, ictimai-siyasi sarsıntılar və ümummilli ağrılar, ilk növbədə, musiqi dili vasitəsilə bədii-estetik ifadə tapır. 20 Yanvar da, Azərbaycan xalqının ictimai-siyasi taleyində olduğu kimi, milli mədəniyyət və musiqi tarixində də dərin iz qoymuş hadisələrdəndir. Bu faciədən sonra yaranan musiqi nümunələri yalnız matəm və hüzn hisslərini deyil, eyni zamanda milli qürur, müqavimət, birlik və azadlıq ideyasını özündə ehtiva edir.
20 Yanvar gecəsinin faciəvi ruhunu yaşadan çoxsaylı sənət nümunələri yaradılmışdır. Kino, rəssamlıq, heykəltəraşlıq, ədəbiyyat və xüsusilə musiqi sahəsində ərsəyə gələn bu əsərlər Qanlı Yanvar gecəsinin real mənzərələrini bədii dillə yenidən canlandırır. Bu mənada, 20 Yanvar mövzusu Azərbaycan sənətində tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi funksiyasını yerinə yetirir.
***
Ənənəvi olaraq bu il də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvarın ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 1990-cı il 20 Yanvarda Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli faciə haqda məlumat verdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu hadisələrə ilk dəfə siyasi qiymət verməsi, onu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması xüsusi vurğulandı. Firəngiz Əlizadə bu faciə ilə əlaqədar Azərbaycan bəstəkarlarının yazdıqları əsərləri qeyd etdi, əsərlər haqqında fikirlərini bölüşdü.
Tədbirdə bu sətirlərin müəllifinin “20 Yanvar faciəsinin Azərbaycan musiqi mədəniyyətində bədii-estetik təcəssümü” adlı məruzəsi dinlənildi. Məruzənin bir sıra məqamlarını bu yazıda da diqqətə çatdırmaq istərdik.
20 Yanvar mövzusu müasir Azərbaycan musiqisində müxtəlif janr və formalarda işlənmişdir. Simfonik və kamera-instrumental əsərlərdə faciə dramatik inkişaf xətti, gərgin kulminasiyalar və ekspressiv intonasiya vasitəsilə ifadə olunur. Vokal-simfonik janrlarda xor və solo partiyalar fərdi və kollektiv ağrının sintezini yaradır. Kamera-vokal əsərlərdə isə insan faciəsi daha dərin və psixoloji planda təqdim edilir. Bu janr müxtəlifliyi Yanvar faciəsinin müasir Azərbaycan bəstəkarlığında universal bədii material statusu qazandığını göstərir.
1990-cı ildə görkəmli bəstəkar Cövdət Hacıyev “Şəhidlər” simfoniyasını bəstələmişdir. Eyniadlı başqa bir simfoniyanın müəllifi isə Oqtay Kazımi olmuşdur. Hacı Xanməmmədov Əzizə Cəfərzadənin sözlərinə solist və xalq çalğı alətləri orkestri üçün yazdığı “Əlimdə sazım ağlar” əsərini 20 Yanvar şəhidlərinə ithaf etmişdir. Bu əsər xalq musiqisi intonasiyalarına əsaslanaraq faciənin emosional dərinliyini açır. Burada saz obrazı xalqın ağrısının və yaddaşının rəmzi kimi çıxış edir.
Mobil Babayevin 20 Yanvar şəhidlərinə həsr etdiyi “Ağlama, torpağım, ağlama” kantatasında torpaq obrazı şəhidlərin qanı ilə müqəddəsləşmiş Vətən anlayışı kimi təqdim olunur. Bəstəkar bu əsəri Nüsrət Kəsəmənlinin sözlərinə solistlər, xor və orkestr üçün 3 hissəli kantata janrında yazmışdır. Şəhidlərin qanı axan torpağımızı vəsf edən, yaşadığımız faciəni musiqi dili ilə canlandıran bu ədəbi kompozisiyada mərhum şairimiz Nüsrət Kəsəmənli və Mobil Babayevin o zamanlar yaşadıqları ağrı-acılar əks olunaraq, operativ şəkildə – şəhidlərin qırxınadək ərsəyə gətirilmiş və ifa olunmuşdur.
20 Yanvar mövzusu opera və iri həcmli vokal əsərlərdə də öz əksini tapmışdır. Nazim Quliyevin “Şəhidlər” operası, Rauf Əliyevin Fikrət Qocanın sözlərinə xor və simfonik orkestr üçün "Azadlığa gedən yollar" odası, Azad Zahidin "Mədhiyyə” (rekviyem), Fuad Cavadovun “Qara Yanvar” xor əsəri və s. bu baxımdan diqqətəlayiqdir.
Bu mövzuya əsər həsr edən müəlliflərdən arasında Azərbaycan və Rusiya Bəstəkarlar İttifaqının üzvü Arif Mirzəyev də var. O, dünya musiqi mədəniyyətinin müasir səhifələrini yazan sənətkarlardan biridir. 1990-cı ildə Bakıda baş vermiş 20 Yanvar faciəsi bəstəkarı çox təsirli, böyük bir əsər üzərində işləməyə sövq edib. Xor, orqan, orkestr, kamança və xanəndə üçün yazılmış matəm musiqisi olan “Yanvar mərsiyələri” dünyanın bir sıra ölkələrində səsləndirilib. Bəstəkarın bu əsəri dinləyicilər, mütəxəssislər, eləcə də məşhur musiqiçilər tərəfindən yüksək qiymətləndirilib, maraqla qarşılanıb.
İrihəcmli musiqi əsərləri ilə yanaşı, şəhidlərə həsr olunan çoxlu sayda mahnı və romanslar da yazılıb və bu gün də yazılır. Emin Sabitoğlunun Bəxtiyar Vahabzadənin sözlərinə yazdığı “Şəhidlər ağısı”, Vasif Adıgözəlovun sözləri Fikrət Qocaya aid olan “Bir şərqi de” mahnısı, Oqtay Rəcəbovun Məmməd İsmayılın sözlərinə bəstələdiyi “Qana dönən qərənfillər”, Məmməd Aslanın sözlərinə yazdığı “Ağla, qərənfil, ağla”, Tofiq Mütəllibovun sözlərinə yazdığı “Qərənfil meşələri”, Mehriban Əhmədovanın Məmməd Arazın sözlərinə yazdığı “Ana millət, ata millət, ağlam”, Nəriman Əzimovun Hikmət Mahmudun sözlərinə bəstələdiyi “Mənim şəhid bacım, şəhid qardaşım”, Azad Zahidin şair Abdulla Qurbaninin sözlərinə bəstələdiyi "Şəhidlər", Sevda İbrahimovanın soprano, bariton və orkestr üçün “Vətən şəhidlərinə” və digər nümunələr bu mövzunun mahnı janrında da davamlı şəkildə yaşadıldığını göstərir.
Bu mahnılar indi də Vətən və şəhidlərin xatirəsinə həsr olunmuş, 20 Yanvar faciəsi ilə bağlı kompozisiyalar kimi xatırlanır, bu, musiqinin Vətənə məhəbbət və şəhidlərə ehtiram ifadəsi olduğunu əks etdirir.
Bütün bu nümunələr onu deməyə əsas verir ki, 20 Yanvar faciəsinə həsr olunan əsərləri bəstəkarlarımız böyük ürək ağrısı ilə yazaraq, onlar da bu haqsızlığa, günahsız insanların qətlə yetirilməsinə öz etirazlarını musiqinin dili ilə ifadə etməyə çalışıblar. Çünki musiqi də bir silahdır.
20 Yanvar hadisələri ilə bağlı sənədli və bədii filmlər də çəkilib. Bunlardan ən əhəmiyyətliləri 1990-cı ildə Cahangir Zeynallı tərəfindən çəkilmiş "20 Yanvar" sənədli filmi və 2015-ci ildə Vahid Mustafayev tərəfindən lentə alınmış, hadisələri bir ailə prizmasından göstərən ilk tammetrajlı bədii ekran əsəri "Qanlı Yanvar" filmidır. Həmçinin 1990-cı illərdə bu mövzudan bəhs edən qısametrajlı sənədli və bədii filmlər (“Qətl günü”, “Haray”, “Fövqəladə vəziyyət”, “Güzgü və s.) çəkilmişdir.
Bu mövzuda filmlərin musiqisi üzərində da dayanmaq lazımdır. Bəstəkar Faiq Nağıyevin 1991-ci ildə rejissor Xamis Muradov tərəfindən “Azərbaycanfilm” kinostudiyası nəzdindəki “Salnamə” studiyasında çəkilmiş “Şəhidlərdən-şəhidlərə” adlı sənədli filmə yazdığı musiqini xüsusi qeyd etməliyik. Xalqının başına gətirilən bu müsibət Vətənini sevən əsl vətənpərvər bir insan kimi F.Nağıyevin də qəlbində təlatüm yaratmışdır. Bəstəkar filmin məzmununu musiqi dili ilə dolğun şəkildə ifadə edərək, yeddi müstəqil nömrədən ibarət daxili dramaturji inkişaf xətti yaratmışdır.
Sonralar (2002-ci ildə) bəstəkar bu sənədli filmin musiqi əsasında kiçik simfonik orkestr üçün süita da yazmışdır. O, eyni zamanda bu mövzuda yazılmış daha bir əsərin – 1991-ci ildə qarışıq xor, əzançı və böyük simfonik orkestr üçün “Azadlıq” odasının da müəllifidir.
***
Bəstəkarlar İttifaqındakı tədbirdə daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Leyla Quliyevanın “Simfonik musiqidə 20 Yanvar mövzusu” adlı məruzəsi dinlənildi.
O, simfonik musiqi janrında yazılan əsərlər, o cümlədən Azər Rzayevin “Bakı–90” simfoniyası, Tofiq Bakıxanovun “Humayun” simfonik muğamı, Ramiz Mustafayevin “Bu qan yerdə qalan deyil”, “Haqq səninlədir”, “Azərbaycan” vokal-simfonik poemaları, Sərdar Fərəcovun “Matəm harayları” simfonik lövhəsi, Azər Dadaşovun “20 Yanvar” mövzusunda 9 saylı simfoniyası haqqında ətraflı söz açdı.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova öz çıxışında 1946-cı il yanvarın 20-də anadan olmuş mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin yaradıcılığından söz açdı. Onun da 20 Yanvar faciəsinə həsr olunmuş əsərlərinin adı çəkildi.
Tədbirin bədii hissəsində bəstəkar Tahir Əkbərin “Ya Rəbb” poema-kompozisiyasının audiolent yazısı nümayiş olundu.
Məruzələrdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi Əməkdar incəsənət xadimi, professor Elnarə Dadaşova, İdarə heyətinin üzvləri – Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, bəstəkar Rəna Qədimova, fəlsəfə elmləri doktoru, professor Mina Hacıyeva və başqaları çıxış etdilər.
Gənc bəstəkar Kamran Nəsirov qoboy və piano üçün yazdığı “Yanvar elegiyası” əsəri haqqında fikirlərini bölüşdü və həmin əsər beynəlxalq müsabiqələr laureatları Murad Tağıyev (qoboy) və Emil Əhmədzadə (piano) tərəfindən ifa edildi.
Ümumilikdə, bəstəkarların müraciət etdikləri janr və üslublar müxtəlif olsa da, bu əsərləri birləşdirən əsas məqam onların ideya-məzmun vahidliyidir. Bu musiqi nümunələrində hüznlə yanaşı, mübarizlik, yenilməzlik və haqq yolundan dönməzlik ideyaları da öz əksini tapır. Həmin əsərlər təkcə ölkə daxilində deyil, xarici ölkələrin konsert salonlarında da səsləndirilərək, 20 Yanvar faciəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırır.
***
Sonda bir daha qeyd etmək istərdik ki, 20 Yanvar faciəsi Azərbaycan musiqi mədəniyyətində yalnız ümumxalq kədərin deyil, həm də milli dirçəlişin, azadlıq ideyasının və ölməz ruhun bədii-estetik ifadəsinə çevrilmişdir. Bu mövzuda yaradılmış musiqi əsərləri xalqımızın tarixi yaddaşını yaşadır, şəhidlərin xatirəsini ucaldır və gələcək nəsillərə mənəvi dərs verir.
Şəhidlərin xatirəsi Azərbaycan musiqisinin sədalarında, muğamın fəlsəfi dərinliyində və ifaçıların qəlbində əbədi yaşayacaq.
Jalə Qulamova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru





















