Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında J.B.Molyerin “Jorj Danden, yaxud aldanmış ər” pyesi əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası olacaq.

Teatrdan bildirilib ki, dövlət sifarişi ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır.

Əsər Azərbaycan dilinə Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.

Yeni səhnə əsəri klassik fransız komediyasının ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik quruluş və parlaq aktyor ifaları ilə təqdim olunur.

Rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edəcək.

Əsərin mövzusu kəndli təbəqəsindən çıxan, var-dövlət hesabına zadəgan ailəsinə kürəkən olan şəxsin faciəvi-komik taleyidir.