Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə 1990-cı ilin 20 yanvar gecəsi Bakıda baş verən faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğunu deyib. Bildirib ki, bu faciə Azərbaycan incəsənətində, o cümlədən musiqi sənətində geniş şəkildə əksini tapıb. Firəngiz Əlizadə bəstəkarların bu mövzuda yaradıcılığından bəhs edib, əsərlər haqqında fikirlərini bölüşüb.

Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamovanın “20 Yanvar faciəsinin Azərbaycan musiqi mədəniyyətində bədii-estetik təcəssümü”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Quliyevanın “Simfonik musiqidə 20 Yanvar mövzusu” adlı məruzələri dinlənilib.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi Elnarə Dadaşova, İdarə heyətinin üzvləri – Əməkdar incəsənət xadimi Məmmədağa Umudov, bəstəkar Rəna Qədimova, fəlsəfə elmləri doktoru Mina Hacıyeva və başqaları məruzələr ətrafında çıxış ediblər.

Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru Leyla Zöhrabova yanvarın 20-də 80 illik yubileyi tamam olan mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Tahir Əkbərin (1946–2018) yaradıcılığından söz açıb.

Tədbirin bədii hissəsində Tahir Əkbərin “Ya Rəbb” poema-kompozisiyasının audiolent yazısı nümayiş olunub.

Gənc bəstəkar Kamran Nəsirov qoboy və piano üçün yazdığı “Yanvar elegiyası” əsəri haqqında məlumat verib. Əsəri beynəlxalq müsabiqələr laureatları Murad Tağıyev (qoboy) və Emil Əhmədzadə (piano) ifa ediblər.