Yanvarın 19-da Azərbaycan Milli Kitabxanasında 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru professor Kərim Tahirov 20 Yanvarın həm hüzn, həm də qürur günü olduğunu deyib. 

Hər bir tarixin müxtəlif mənbələrdə, kitablarda yaşadığını diqqətə çatdıran Kərim Tahirov 20 Yanvarla bağlı materialları toplamaq, saxlamaq və gələcək nəsillərə çatdırmaq işinin də Milli Kitabxananın və kitabxanaçıların mühüm vəzifəsi olduğunu vurğulayıb. Bu mövzuda ənənəvi və virtual kitab sərgilərinin, eləcə də elektron məlumat bazalarının təbliğati əhəmiyyəti vurğulanıb.

Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Qanlı Yanvarın tarixi köklərindən söz açıb. Qeyd edib ki, o çətin dövrdə xalqın iradəsi qırılmadı, əksinə, 20 Yanvar xalqın azadlıq və ədalət uğrunda mübarizəsinə təkan verdi.

Tədbirdə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – qan yaddaşımız” adlı elektron məlumat bazası təqdim olunub. Elektron toplu ilə kitabxananın saytında tanış olmaq olar.

Sonda iştirakçılar “20 Yanvar – Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi və virtual kitab sərgisi ilə tanış olublar. Sərgidə müxtəlif dillərdə nəşrlər nümayiş olunur.