Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar hadisələrinin 36-cı ildönümünə həsr olunmuş “Tarixin canlı şahidləri” adlı tədbir keçirilib.
Muzeydən verilən məlumata görə, tədbir “Böyük Qayıdış” Gənclər Təşkilatı ilə birgə təşkil olunub.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli çıxış edərək bu qəbildən tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd gələcək nəslin keçmişinə sadiq, vətənpərvər ruhda böyüməsi, milli iradəmizin zəfər çaldığı həmin günü unutmamasıdır.
Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Seyfur Hacımuradov və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədr vəzifəsini müvəqqəti icra edən Hikmət Qaffarov gəncləri milli yaddaşa sahib çıxmağa, tarixi unutmamağa çağırıblar. Çıxışlarda belə bir əminlik ifadə olunub ki, gənc nəsil 20 Yanvar şəhidlərinin xatirəsinə daim sadiq qalacaq, onların bizə əmanət etdiyi müstəqil Azərbaycanı qoruyacaq və daha da gücləndirəcək.
20 yanvar faciəsinin canlı şahidləri olan yazıçı-dramaturq, Əməkdar jurnalist Rafiq Səməndərov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Ziyadxan Nəbibəyli və faciə zamanı əzilmiş VAZ-2106 markalı avtomobilin sahibi Nazim Ələkbərov həmin gecənin ağrı-acılı hadisələri ilə bağlı xatirələrini bölüşüblər.
Daha sonra Dövlət Uşaq Filarmoniyasının yeniyetmə ifaçıları bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantları da iştirak ediblər.
























