Respublika Uşaq Kitabxanasında paytaxtdakı 283 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin iştirakı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Yanvarın 16-da təşkil olunan tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
İştirakçılar 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla anıblar.
Respublika Uşaq Kitabxanasının əməkdaşı şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələri haqqında məlumat verib. O, faciənin tarixi, xalqın nümayiş etdirdiyi fədakarlıq haqqında danışaraq, bu hadisənin Azərbaycanın müstəqillik yolunda əhəmiyyətini vurğulayıb.
Şagirdlər 20 Yanvar hadisələri ilə bağlı hazırlanmış videomaterialı izləyiblər. 36 il öncə Sovet Ordusunun Bakıda törərdiyi qırğını, xalqın müqavimətini əks etdirən görüntülər milli kədər, eyni zamanda milli qürur hissinin yaşandığı tarixin mahiyyətini diqqətə çatdırıb.
Sonra şagirdlər 20 Yanvarla əlaqəli şeirlər söyləyiblər. Həm faciənin acısını, həm də şəhidlərin qəhrəmanlığını əks etdirən şeirlər iştirakçılarda dərin təəssürat yaradıb.
Respublika Uşaq Kitabxanası gələcəkdə də belə təhsil və maarifləndirmə tədbirləri keçirərək, gənc nəslə Azərbaycanın tarixi və milli dəyərləri haqqında daha çox məlumat verməyə davam edəcək.






















