Tarixdəki olaylar
14 yanvar 1982 – Şuşa şəhərində böyük şair Molla Pənah Vaqifin məqbərəsinin və Vaqif Poeziya evinin açılışı keçirilib. Mərasimlərdə respublikanın rəhbəri – Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev iştirak edib.
14 yanvar 1992 – Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanıb. Bu, müstəqil Azərbaycanın imzaladığı ilk diplomatik sənəd idi. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini ilk tanıyan Türkiyə olmuşdu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
14 yanvar 1818 – Fin yazıçısı və şairi Zaxarias Topelius (1818 – 12.3.1898) anadan olub. “Ulduzların uşaqları” romanının müəllifidir.
14 yanvar 1895 – Başqırd ədəbiyyatının banilərindən biri, şair Şeyxzadə Babiç (1895 – 28.3.1919) anadan olub.
14 yanvar 1923 – Xalq artisti, görkəmli teatr rejissoru Tofiq Səməd Mənsur oğlu Kazımov (1923 – 2.8.1980) Bakıda anadan olub. Gənc Tamaşaçılar, Rus Dram, Musiqili Komediya teatrlarında tamaşalar hazırlayıb. Akademik Milli Dram Teatrının baş rejissoru olub. “Antoni və Kleopatra” (V.Şekspir, 1965), “Şəhərin yay günləri” (Anar, 1979) əsərlərinin tamaşalarına görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
14 yanvar 1952 – Məşhur şair Almas İldırım (İldırım Əbdülməhəmməd oğlu Almaszadə; 25.3.1907 – 1952) Türkiyənin Elazığ şəhərində dünyasını dəyişib. İstiqlal ruhlu şeirlərinə görə 1930-cu ildə Yazıçılar Birliyindən xaric edilərək Türkmənistana sürgün edilmiş, 1933-cü ildə İrana, oradan Türkiyəyə mühacirət etmişdi.
Hazırladı: Vüqar Orxan





















