Tarixdəki olaylar

 

11 yanvar 1920 – I Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal (Paris) Sülh Konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyətinin tanınması barədə qərar qəbul olunub. Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyəti Qərb dairələri ilə aparılan birillik gərgin danışıqlardan sonra buna nail olmuşdu.

 

11 yanvar 1994 – Azərbaycan Latviya və Slovakiya ilə diplomatik münasibətlər qurub. Hər iki ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 8-də tanımışdı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

11 yanvar 1875 – Tanınmış rus bəstəkarı, dirijor, pedaqoq Reynqold Moriseviç Qlier (1875 – 23.6.1956) Kiyevdə doğulub. Bir müddət Bakıda çalışıb, “Şahsənəm” operasını yazıb. Azərbaycan SSR-nin Xalq artisti (1934) adına layiq görülüb.

 

11 yanvar 1906 – Tarixçi, şərqşünas, akademik, Əməkdar elm xadimi Əbdülkərim Əli oğlu Əlizadə (1906 – 3.12.1979) Bakıda anadan olub.

 

11 yanvar 1956 – Əməkdar artist, xanəndə Sahibə Əliqulu qızı Əhmədova (1956 – 16.3.2024) anadan olub.

 

11 yanvar 1998 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (9.5.1917 – 1998) vəfat edib.

 

11 yanvar 1999 – Əməkdar mədəniyyət işçisi Ramazan Həmzət oğlu Xəlilov (1901–1999) vəfat edib. Üzeyir Hacıbəylinin şəxsi katibi, 1975-ci ildən ömrünün sonunadək Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru işləyib.

 

Hazırladı: Vüqar Orxan