Tarixdəki olaylar
10 yanvar 1962 – Tarixdə ən dəhşətli qar uçqunu baş verib. Perudakı Nevado-Uaskaran dağından başlanan daş-qaya qarışıq uçqun 10 kilometr irəliləyərək 7 yaşayış məntəqəsini dağıdıb. 4 mindən çox adam ölüb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
10 yanvar 1797 – Alman yazıçısı və şairəsi Annette Droste-Hülshoff (Annette von Droste-Hülshoff; 1797 – 24.5.1848) anadan olub.
10 yanvar 1827 – İngilis tarixçisi, müqayisəli mifologiya üzrə görkəmli mütəxəssis Corc Uilyam Koks (George William Cox; 1827 – 10.2.1902) anadan olub.
10 yanvar 1883 – Rus yazıçısı, publisist Aleksey Nikolayeviç Tolstoy (1883 – 23.2.1945) anadan olub. “I Pyotr”, "Əzablı yollarla", "Mühacirlər” (romanlar), "Aelita", "Qraf Kaliostro" (povestlər) və s. əsərlərin müəllifidir.
10 yanvar 1905 – Özbək yazıçısı Aybək (Musa Daşməhəmmədov; 1905 – 1.7.1968) anadan olub. Əsərləri: ”Nəvai”, “Günəş sönməyəcək” romanları, “Həmzə” poeması və s.
10 yanvar 1929 – Dilçi alim, akademik Afad Məhəmməd oğlu Qurbanоv (1929 – 26.9.2009) Qərbi Azərbaycanda – Ermənistan SSR-in Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.
10 yanvar 1932 – Əməkdar incəsənət xadimi, musiqişünas Еlmirа Əbdülhəmid qızı Аbаsоvа (1932 – 12.2.2009) Bakıda doğulub. Konservatoriyanın (indiki BMA) rektoru (1977–1991) olub.
10 yanvar 1937 – Əməkdar artist Nisə Heydər qızı Rzayeva (1937 – 8.3.2017) Naxçıvanda anadan olub. Mingəçevir Dövlət Dram Teatrında çalışıb.
10 yanvar 1938 – Xalq artisti, bəstəkar Elza İmaməddin qızı İbrahimova (1938 – 11.2.2012) Hacıqabulda anadan olub. ”Yanan laylalar” operasının (libretto – R.Heydər), populyar mahnıların (“Gecələr bulaq başı”, “Sən yadıma düşəndə” və s.), romansların müəllifidir.
10 yanvar 1942 – Əməkdar incəsənət xadimi Baba Fazil oğlu Rzayev (1942 – 2.12. 2014) Lerik rayonunun Çayrud kəndində doğulub. Lənkəran teatrında baş rejissor işləyib.
10 yanvar 1953 – Əməkdar artist Sevil Rza qızı Xəlilova (1953 – 28.11.2011) Bakıda doğulub. Milli Dram Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.
10 yanvar 1954 – Türkoloq, tərcüməçi, filologiya elmləri doktoru, professor Ramiz Baxşəli oğlu Əskər (10.1.1954 – 22.5.2024) Qərbi Azərbaycanda – Ermənistan SSR-in Amasiya rayonunun Qaraçanta kəndində anadan olub.
10 yanvar 1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov (8.12.1909 – 1962) vəfat edib. Milli Dram Teatrında çalışıb, filmlərdə çəkilib.
Hazırladı: Vüqar Orxan























