Tarixdəki olaylar
9 yanvar 1792 – Rusiya ilə Türkiyə arasında 1787-ci ildə başlanan və Osmanlının məğlubiyyəti ilə nəticələnən müharibənin yekununa dair Yassı sülhü imzalanıb. Krım da daxil olmaqla Qara dənizin şimalındakı ərazilər, habelə Dnestr və Kuban çayı ətrafındakı torpaqlar Rusiyanın nəzarətinə keçib.
9 yanvar 1905 – Peterburqda “Qanlı bazar” qırğını baş verib. Çar II Nikolaya şikayət ərizələrini təqdim etmək istəyən minlərlə fəhlə keşiş Qaponun təhriki ilə Qış sarayına doğru yürüş edərkən qoşun hissələrinin gülləbaranı ilə qarşılanıb. “Qanlı bazar”da, müxtəlif mənbələrə görə, 2 mindən 5 minədək adam ölüb. Bu olaylar Rusiyada 1905-ci il inqilabının başlanması üçün təkan oldu.
9 yanvar 1991 – Erməni terroru Azərbaycan ərazisində növbəti qanlı aksiyanı həyata keçirib. Laçın-Yevlax yolunun 6-cı km-də Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşının atəşə tutulması nəticəsində 4 nəfər, o cümlədən “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçuları olan 3 rus zabiti qətlə yetirilib. Ölümündən sonra Salatın Əziz qızı Əsgərovaya "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
9 yanvar 1994 – Azərbaycanla Vatikan Dövləti (ölkəmizin müstəqilliyini 1992-ci il mayın 23-də tanıyıb) arasında diplomatik münasibətlər qurulub.
9 yanvar 1996 – Çeçen komandirlərindən Salman Raduyevin dəstəsi Dağıstanın Kizlyar şəhərinə hücum edib. Terrorçular bir neçə gün şəhərə nəzarət ediblər. Rusiyanın güc strukturlarının uğursuz antiterror əməliyyatı zamanı 70-dən çox insan həlak olub, Raduyevin dəstəsi isə aradan çıxa bilib. 2000-ci ildə ələ keçirilən Raduyevə ömürlük həbs kəsildi. İki il sonra o, Perm vilayətindəki həbsxanada öldü.
9 yanvar 2001 – Rusiya Prezidenti Vladimir Putin Bakıya rəsmi səfərə gəlib. Bu, iki dövlət arasında münasibətlərin tarixində Rusiya dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri idi. Prezidentlər Heydər Əliyev və Vladimir Putinin danışıqlarının yekunu olaraq iki ölkə arasında bir sıra mühüm sənədlər, o cümlədən ikitərəfli münasibətlər haqqında Bakı bəyannaməsi və Xəzər dənizində əməkdaşlıq haqqında bəyanat imzalanıb.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
9 yanvar 1890 – Çex yazıçı-dramaturqu Karel Çapek (Karel Capek, 1890 – 25.12.1938) anadan olub. Əsərləri: “Mütləqiyyət fabriki”, “Meteor”, “Səməndər quşları ilə müharibə” romanları, “Makropulos vasitəsi”, “Ana” pyesləri və s.
9 yanvar 1908 – Fransız yazıçısı, filosof Simona de Bovuar (Simone de Beauvoir; 1908 – 14.4.1986) anadan olub. Əsərləri: “Gözəl şəkillər”, “Naringilər”, “Çox asan ölüm” və s.
9 yanvar 1936 – Əməkdar rəssam, heykəltaraş Asim Rzaqulu oğlu Quliyev (1936 – 25.5.2012) Bakıda doğulub.
9 yanvar 2016 – Xalq şairi Zəlimxan Yusif oğlu Yaqub (21.1.1950 – 2016) vəfat edib. Azərbaycan Aşıqlar Birliyinin sədri olub.
9 yanvar 2024 – Yazıçı, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynov (20.4.1929 – 2024) vəfat edib. “Fətəli fəthi”, “Doktor N” və s. romanların müəllifidir. Bakıda doğulub. 50-ci illərdən Moskvada yaşayıb, MDU-nun professoru olub. 2014-cü ildə İsrailə köçüb, orada dünyasını dəyişib.
Hazırladı: Vüqar Orxan






















