Azərbaycan mədəniyyətində müxtəlif səhnə sənətləri özünəməxsus yer tutur. Teatr, musiqi və rəqs sənəti geniş şəkildə tanınsa da, bəzi sahələr hələ də cəmiyyət tərəfindən yalnız əyləncə prizmasından qəbul olunur. Onlardan biri də sehrbazlıq, daha dəqiq desək, səhnə illüziyası və mentalizm sənətidir.

Əksər hallarda sehrbazlıq sadəcə “fokus göstərmək” kimi qiymətləndirilir. Halbuki bu sənət növü tarixi inkişaf yolu, estetikası və təqdimat forması baxımından performans sənətinin mühüm qollarından biridir.

Müasir dövrdə səhnə illüziyası klassik sehrbazlıqdan fərqli olaraq elmi yanaşmalarla – psixologiya, insan diqqətinin mexanizmləri, vizual qavrayış və davranış modelləri üzərində qurulur.

Mental sehrbazlıq adlandırılan istiqamət tamaşaçıya yalnız vizual effekt yox, eyni zamanda düşüncə prosesi təqdim edir. Burada əsas məqsəd insan beyninin informasiyanı necə qəbul etdiyini, hansı hallarda yanıldığını və diqqətin necə yönləndirilə bildiyini göstərməkdir. Bu isə illüziyanı sadə əyləncədən çıxararaq intellektual və mədəni performansa çevirir.

Dünya praktikasında sehrbazlıq sənəti teatr səhnələrində, festivallarda və hətta akademik müzakirələrdə yer alır. Azərbaycanda isə bu sahənin mədəni kontekstdə təqdim olunması hələ formalaşma mərhələsindədir. Halbuki düzgün təqdimatla sehrbazlıq sənəti gənclər üçün səhnə mədəniyyətinə maraq yaradan, yaradıcı düşüncəni təşviq edən bir vasitə ola bilər.

Gənc nəslin mədəniyyətə cəlb olunmasında müasir formatların rolu böyükdür. Səhnə illüziyası bu baxımdan həm ənənəvi səhnə estetikası, həm də müasir elmi yanaşmaları birləşdirən nadir sənət sahəsidir. Bu sənətin inkişafı mədəni müxtəlifliyə töhfə verməklə yanaşı, tamaşaçı ilə səhnə arasında fərqli bir ünsiyyət forması yaradır.

Nəticə etibarilə, sehrbazlıq sənətinə yalnız əyləncə kimi deyil, performans və mədəni ifadə vasitəsi kimi yanaşmaq vacibdir. Bu yanaşma həm sənətçilərin fəaliyyətinə yeni baxış qazandırar, həm də Azərbaycan mədəni mühitində az tanınan sahələrin inkişafına zəmin yaradar.

Şəhadət Bağırov

Bakı Dövlət Sirkinin illüziya janrı üzrə artisti